Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, milli-mənəvi dəyərlərə zidd və qeyri-etik davranışlar nümayiş etdirən şəxs həbs edilib.
Medianews.az "Yeni Sabah"a istinadən xəbər verir ki, "TikTok"da "Çevik" ləqəbi ilə tanınan Məqsəd Bağırov saxlanılıb.
O, sosial media platformalarında radikal dini təbliğat aparması və ateizmə qarşı çağırışlar etməsi ilə tanınır.
Qəbələ Rayon Polis İdarəsində onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə protokol tərtib olunub. Həmin maddə internet informasiya resurslarında ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlərin, əxlaqsız ifadələrin və milli-mənəvi dəyərlərə zidd görüntülərin yayılmasını nəzərdə tutur.
Toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Məqsəd Bağırov 10 sutka müddətinə inzibati qaydada həbs edilib.