Bu gün Vüqar Qurbanovun icraçı direktor vəzifəsindən azad olunması, icraçı direktorun səlahiyyətlərinin direktor müavini Anar İsrafilova tapşırılması xəbəri ilə gündəmə gələn “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsdir.
Medianews.az bildirir ki, TƏBİB-i 2018-ci ilin dekabrında ölkə Prezidentinin fərmanına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradıb.
TƏBİB tabeliyində olan dövlət tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirir. Fəaliyyətinin əsas məqsədi tabeliyindəki tibb müəssisələrində tibbi xidmətlərin təşkilini təmin etmək və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdir.
TƏBİB həmçinin tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdırır.
TƏBİB-in fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Müşahidə Şurası həyata keçirir.
Müşahidə Şurasının sədrini ölkə Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.
Hazırda TƏBİB-in Müşahidə Şurasının sədri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Zaur Əliyevdir.

Zaur Əliyev 1981-ci ildə Bakı şəhərində anadan olub. 1997-2000-ci illərdə “Cambridge Regional College”də (Kembric şəhəri, Böyük Britaniya) orta təhsil alıb. 2000-2003-cü illərdə “East Anglia” universitetində (Norviç şəhəri, Böyük Britaniya) mühasibat və maliyyə ixtisası üzrə ali təhsilə yiyələnib.
2003-2009-ci illərdə “Ernst & Young” şirkətinin Almatı, Bakı və London şəhərlərindəki ofislərində müxtəlif vəzifələrdə işləyib. 2010-2015-ci illərdə “PAŞA Holdinq” MMC-də və “PAŞA Sığorta” ASC-də müxtəlif rəhbər vəzifələrdə çalışıb.
2015-ci il oktyabrın 27-də Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru olub.
2017-ci il sentyabrın 11-dən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədridir. O, həmçinin Tarif (qiymət) Şurasının üzvü, Azərbaycan Üzgüçülük Federasiyasının prezidentidir.
Zaur Əliyev TƏBİB-in Müşahidə Şurasının sədri vəzifəsinə 2022-ci il mayın 13-də təyin olunub.
TƏBİB-in Müşahidə Şurasının daha 4 üzvü var: səhiyyə nazirinin müavini; İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavini; əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini; Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri.
TƏBİB-in fəaliyyətinə cari rəhbərliyi icraçı direktor və onun müavinləri həyata keçirir.
İcraçı direktoru və onun müavinlərini TƏBİB-in Müşahidə Şurası vəzifəyə təyin və vəzifədən azad edir.
Beləliklə, göründüyü kimi, Vüqar Qurbanovun icraçı direktor vəzifəsindən azad olunması, icraçı direktor səlahiyyətlərinin Anar İsrafilova tapşırılması TƏBİB-in Müşahidə Şurasının qərarıdır.
Anar İsrafilovdan başqa TƏBİB-də daha bir icraçı direktor müavini var: Araz Nəsirov.
Həm Anar İsrafilov, həm də Araz Nəsirov 2022-ci il noyabrın 30-dan TƏBİB-də icraçı direktor müavini vəzifəsində çalışırlar.

Anar İsrafilov Azərbaycan Tibb Universitetində pediatriya ixtisası, eləcə də Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi üzrə təhsil alıb. Sonra Azərbaycan Tibb Universitetində nefrologiya ixtisası üzrə doktorantura pilləsi üzrə təhsilini davam etdirib. Bir sıra dövlət və özəl tibb müəssisələrində uşaq nefroloqu kimi işləyib. 2006-2022-ci illər ərzində Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Səhiyyə nazirinin köməkçisi, Səhiyyə Nazirliyinin səhiyyənin təşkili şöbəsinin müdiri kimi fəaliyyət göstərib.

Araz Nəsirov 1998-2003-cü illərdə Türkiyənin Trakya Universitetində maliyyə menecmenti ixtisası üzrə təhsil alıb. 2014-cü ildə ADA Universitetində idarəetmənin inkişafı ixtisası üzrə, 2021-ci ildə Amerika Dyuk Universitetində layihələrin idarəetməsi ixtisası üzrə təhsil alıb. 2008-ci ildə “Xəzər Lənkəran” futbol klubunun vitse-prezidenti olub. 2004-2009-cu illərdə "Palmali" Şirkətlər Qrupunun aparıcı analitiki vəzifəsində çalışıb. 2010-2014-cü illərdə Mərkəzi Bankda böyük mütəxəssis, 2014-2018-ci illərdə “Paşa Sığorta” ASC-nin risk meneceri kimi fəaliyyət göstərib. 2018-2022-ci illər ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri olub.

Vüqar Qurbanov Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinin məzunudur. 2000-2001-ci illərdə 5 nömrəli Şəhər Klinik Xəstəxanasında nevrologiya ixtisası üzrə həkim-intern, 2001-2016-cı illərdə həkim-nevroloq kimi fəaliyyət göstərib. 2016-2018-ci illərdə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İcbari tibbi sığorta şöbəsinin müdiri, 2018-ci ildən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi İddialar Departamentinin rəhbəri kimi çalışıb. 2021-2022-ci illərdə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edib. 8 sentyabr 2022-ci ildən TƏBİB-in icraçı direktoru olub.