Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilən qadın hərbi qulluqçularla bağlanan ilkin bağlaşma müddəti azaldılacaq.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirə olunan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Bildirilib ki, qanun layihəsinin əsas məqsədi müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilən qadın hərbi qulluqçuların xidmətə uyğunlaşma prosesinin daha səmərəli təşkili və bu sahədə mövcud praktiki çətinliklərin aradan qaldırılmasıdır.
Vurğulanıb ki, qüvvədə olan “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna əsasən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün ilkin bağlaşma müddəti müddətli həqiqi hərbi xidmətdən, ehtiyatdan daxil olanlar və qadınlar üçün 3 il müəyyən edilib. Həmin müddəa “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də də nəzərdə tutulub.
Praktikada kişi cinsli vətəndaşlar müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmazdan əvvəl müddətli həqiqi hərbi xidmət keçdiklərinə görə hərbi xidmətə uyğunlaşma mərhələsini artıq başa vurmuş olurlar. Qadınlar isə müddətli həqiqi hərbi xidmət keçmədən birbaşa müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edildiklərinə görə ilkin mərhələdə hərbi xidmət şəraitinə uyğunlaşmada çətinliklərlə üzləşirlər. Qadınlarla dərhal 3 illik ilkin bağlaşmanın bağlanması onların uyğunlaşma dövrünü keçmədən uzunmüddətli öhdəlik götürməsinə səbəb olur ki, bu da sonradan əsasən ailə vəziyyəti və digər obyektiv səbəblərlə hərbi xidmətdən vaxtından əvvəl ehtiyata buraxılmaları ilə nəticələnir və kadr sabitliyinə mənfi təsir göstərir.
Qeyd olunanları nəzərə alaraq qanun layihəsində qadınlarla bağlanan ilkin bağlaşma müddətinin 3 ildən 6 ayadək azaldılmasını nəzərdə tutan müddəanın əlavə edilməsi təklif olunur.
Bu dəyişiklik qadın hərbi qulluqçuların hərbi xidmətə uyğunlaşma imkanlarının artırılmasına, kadr axınının azaldılmasına və hərbi xidmətin təşkilinin səmərəliliyinin yüksəldilməsinə xidmət edəcək.