Medianews.az
Sumqayıt sakinləri niyə işləmək üçün Bakıya üz tutur? –
363 baxış

Sumqayıt sakinləri niyə işləmək üçün Bakıya üz tutur? – Ekspert SƏBƏBLƏRİ AÇIQLADI

Qeyri-rəsmi məlumatlara görə, Sumqayıt əhalisinin təxminən 30%-i Bakıya iş üçün gəlir. Bu da paytaxta əlavə yük yaradır, şəhərlərarası nəqliyyatın yükünü artırır, hərəkət sıxlığı yaradır. Qatarlar, avtobuslar və şəxsi avtomobillər bu gündəlik axının əsas vasitələridir. Sumqayıt sakinlərinin böyük hissəsi niyə öz şəhərində işləmək əvəzinə paytaxta üz tutur? Bu vəziyyət həm Sumqayıt, həm də Bakı üçün nə kimi sosial və iqtisadi problemlər yarada bilər? Gələcəkdə Sumqayıtda iş yerlərinin artırılması və iqtisadi fəallığın gücləndirilməsi üçün nə kimi addımlar atıla bilər?

Mövzu ilə bağlı Medianews.az-a açıqlamasında iqtisadçı-ekspert Asif İbrahimov bildirdi ki, bu təkcə nəqliyyat sıxlığı ilə bağlı problem deyil, eyni zamanda regionlararası iqtisadi balanssızlığın və əmək bazarında mərkəzləşmənin açıq göstəricisidir.

Onun sözlərinə görə, Sumqayıt Bakıya yaxınlığına və əhali potensialına baxmayaraq, uzun müddətdir ki, daha çox sənaye şəhəri modeli ilə inkişaf edib:

“Müasir xidmət sektoru, maliyyə, İT və yüksək əlavə dəyər yaradan sahələr isə əsasən paytaxtda cəmləşib. Nəticədə eyni ixtisasa malik şəxslər üçün Bakıda maaş, karyera və peşəkar inkişaf imkanları daha cəlbedici görünür. Bu vəziyyət hər iki şəhər üçün ciddi sosial və iqtisadi fəsadlar yaradır. Bakı üçün bu, artan nəqliyyat yüklənməsi, infrastrukturun həddindən artıq istismarı, ekoloji təzyiq və həyat keyfiyyətinin aşağı düşməsi deməkdir. Sumqayıt üçün isə işçi qüvvəsinin böyük hissəsinin şəhərdən kənarda çalışması, yerli istehlakın zəifləməsi, şəhər iqtisadiyyatının passivləşməsi və sosial həyatın tədricən sönməsi ilə nəticələnir”.

Ekspert qeyd edib ki, problemin həlli yalnız nəqliyyatın yaxşılaşdırılması ilə mümkün deyil:

“Əsas çıxış yolu Sumqayıtda iqtisadi fəallığın artırılması və iş yerlərinin keyfiyyətinin yüksəldilməsidir. Bunun üçün şəhərdə xidmət və texnologiya yönümlü bizneslərin təşviqi, startaplar və kiçik-orta sahibkarlıq üçün vergi və icarə güzəştləri, peşə və ixtisaslaşma mərkəzlərinin yaradılması, eləcə də bəzi dövlət və iri özəl qurumların ofislərinin paytaxtdan kənara çıxarılması məqsədəuyğundur.

Sumqayıt real iqtisadi alternativə çevrilmədikcə, Bakı üzərindəki yük azalmaq əvəzinə artacaq. Regional inkişafın balanslı şəkildə qurulması isə həm paytaxtın nəfəs almasına, həm də Sumqayıtın tam potensialını reallaşdırmasına imkan verə bilər”.

Oğuz Ayvaz

Medianews.az

Bizə qoşulun