Medianews.az
“Teatra gəlmirlər, özlərini ekspert adlandırırlar, soruşanda da deyirlər ki, sonuncu dəfə 10-15 il əvvəl tamaşaya baxmışam” -
131 baxış

“Teatra gəlmirlər, özlərini ekspert adlandırırlar, soruşanda da deyirlər ki, sonuncu dəfə 10-15 il əvvəl tamaşaya baxmışam” - FOTO

“Azərbaycanda teatr var və yaşayır. Azərbaycan teatrının tamaşaçısı da kifayət qədərdir. Bu gün özlərini ekspert səviyyəsində görməyə çalışan bəzi insanlar var ki, onlar özlərini “mədəniyyətin və teatrın qoruyucu qüvvələri” adlandırırlar. O adamlardan soruşursan ki, sonuncu dəfə nə vaxt teatrda olmusan? Deyəcəklər ki, “10-15 il olar”.  Bir şeydən xəbərin yoxdursa, o haqda sənin danışmağa ixtiyarın yoxdur! Bu gün teatrımız tamaşa olan günlərdə tamaşaçı qıtlığı çəkmir. Bizim 10 il də nümayiş olunan tamaşamız var ki, bu gün də tamaşaçı gəlir. Bizim teatrda tamaşaçı problemi yoxdur. Bu gün dövlət Azərbaycan teatrının inkişafı üçün xususi diqqət və qayğı göstərir”. Bunu Medianews.az-a açıqlamasında Xalq artisti Nurəddin Mehdixanlı deyib.

O daha sonra bugünki əsərlərin müasir dövrlə uyğunlaşdığını bildirib:

“Bu gün teatrımızdakı “Ölülər” əsəri müasirdirmi? Əlbəttə ki, müasirdir. Azərbaycan gənci o tamaşaya gəlib baxanda, ona aid olan müəyyən məsələləri götürə bilirsə, bu tamaşa demək ki, müasirdir. Həmin gəncin ətrafında baş verən hadisələr onu düşünməyə vadar edir. Bu gün “Şükriyyə” tamaşasında Azərbaycan xalqının başına gətirilən müsibətlərdən danışılır. Müasir mövzu deyilmi? Deyə bilmərik ki, bu 37-ci ildə olub bitdi. Biz niyə görə bunları göstəririk?! Ona görə göstəririk ki, 37-ci illər bir daha təkrar olunmasın. Biz nələr yaşamamışıq ki?! Sən bu gün başına gətirilən müsibətləri rahat şəkildə söyləyə bilirsən. Yeni nəsli bununla tərbiyyə edirsən. Bunu keçmişdə açıq şəkildə deyə bilməzdik, amma bu gün deyirik. Bu gün dünyanı dağıtmaq iddiasında olmamalıyıq. Dünyanı dağıdıb yeni, müasir bir dünya qurmaq anlayışı çox zərərli anlayışdır. Dünya qurulmuşun üstündə yaşaya bilər, dəyişə bilər, bərqərar ola bilər. 300 il bundan əvvəl dəvə ilə gəzirdilər, indi elektrikli idarə olunan maşınlar var. Sabah sürücüsüz maşınlar da olacaq. Elmdə, texnologiyada yeniləşmə olduğu kimi, mədəniyyət də zamanın çağırışlarına cavab verərək ona uyğun şəkildə münasibətini bildirəcək. Var olmaq, inkişaf etmək, özünə qədərkini öyrənmək və sabaha hazırlaşmalıyıq” deyə sənətkar bildirib.

Əli Əsgər,

Medianews.az

Bizə qoşulun