Medianews.az
Suşi sevənləri
58 baxış

Suşi sevənləri məyus edən xəbər

Son illərdə ölkəmizdə yapon mətbəxinə, o cümlədən suşinin müxtəlif növlərinə maraq artır. Ancaq bu məhsul düzgün şəraitdə hazırlanmadıqda insan sağlamlığı üçün təhlükəyə çevrilə bilər.

Bəs vətəndaşlar suşi sifariş edərkən nələrə diqqət etməlidirlər?

Medianews.az-ın xəbərinə görə, İnfeksionist Aytən Ziyadova mövzu ilə bağlı Baku TV-yə açıqlamasında bildirib ki, suşi düzgün hazırlanmadıqda, saxlanılmadıqda və ya xəstə balıqlardan istifadə olunduqda insanlara parazitar və yoluxucu xəstəliklər keçə bilər: "Xüsusilə risk qrupuna daxil olan şəxslər bu xəstəliklərə daha tez yoluxurlar. Bunlara immun sistemi zəif olan insanlar, onkoloji xəstələr, hamilə qadınlar və xroniki xəstəlikdən əziyyət çəkənlər daxildirlər. Qanlı ishal, halsızlıq, ürəkbulanma və qusma kimi əlamətlər müşahidə olunarsa, vaxt itirmədən həkimə müraciət etmək lazımdır".

Qida mütəxəssisi Seymur Qafarov isə məsələyə belə münasibət bildirib: "Suşi hazırlandıqdan sonra maksimum 1-1.5 saat ərzində istehlak edilməlidir. Düyü və digər inqrediyentlərin bir-birinə həddindən artıq yapışması məhsulun əvvəlcədən hazırlandığını və keyfiyyətini itirdiyini göstərir. Restoranlarda suşi hazırlanarkən istifadə olunan çiy balıq daimi olaraq 0 ilə +4 dərəcə arasında saxlanılmalıdır. Uzunmüddətli saxlanma üçün isə məhsul ən azı -20 dərəcədə dondurulmalıdır".

Bizə qoşulun