Medianews.az
Süni intellektin xəstəlik DİAQNOZLARI -
109 baxış

Süni intellektin xəstəlik DİAQNOZLARI - Araşdırma

Alimlərin apardığı yeni tədqiqat süni intellektin tibbdə imkanlarının gözləniləndən daha yüksək olduğunu ortaya qoyub. Xüsusilə ilkin diaqnostika mərhələsində fərqlər daha aydın hiss olunub.

Medianews.az Lent.az-a istinadla xəbər verir ki, tədqiqat "Harvard Medical School" və "Beth Israel Deaconess Medical Center" mütəxəssislərinin rəhbərliyi ilə həyata keçirilib. Məqsəd OpenAI tərəfindən hazırlanmış dil modellərinin həkimlərin işi ilə müqayisəli şəkildə qiymətləndirilməsi olub.

Eksperimentlərin birində təcili yardım şöbəsinə müraciət edən 76 xəstə üzərində araşdırma aparılıb. İki praktik terapevtin qoyduğu diaqnozlar OpenAI-nin o1 və 4o modellərinin təqdim etdiyi nəticələrlə müqayisə olunub. Daha sonra bu diaqnozlar hansı mənbədən gəldiyini bilməyən digər iki həkim tərəfindən qiymətləndirilib.

Alimlərin sözlərinə görə, diaqnostikanın hər mərhələsində o1 modeli ya daha yaxşı nəticə göstərib, ya da həkimlərlə eyni səviyyədə olub. Xüsusilə ilkin mərhələdə xəstə haqqında məlumatın az olduğu vaxtda süni intellektin üstünlüyü daha qabarıq hiss edilib.

Tədqiqatda qeyd olunub ki, modellərə əvvəlcədən xüsusi emal olunmuş məlumatlar təqdim edilməyib. Süni intellekt yalnız elektron tibbi kartlarda olan məlumatlardan istifadə edib.

Nəticələrə əsasən, OpenAI o1 modeli halların 67%-ində dəqiq və ya dəqiqliyə çox yaxın diaqnoz qoyub. Müqayisə üçün, iştirak edən həkimlərdən biri 55%, digəri isə 50% dəqiqlik göstəricisi əldə edib.

Tədqiqatın aparıcı müəlliflərindən biri, Harvardda süni intellekt laboratoriyasının rəhbəri Arjun Manrai bildirib ki, model demək olar ki, bütün meyarlar üzrə həm əvvəlki süni intellekt sistemlərini, həm də həkimlərin orta göstəricilərini üstələyib.

Bununla belə, mütəxəssislər ehtiyatlı yanaşmanı vacib sayırlar. Adam Rodman qeyd edib ki, həyati əhəmiyyətli qərarlarda xəstələr hələ də daha çox həkimlərə etibar edirlər.

Təcili yardım həkimi Kristen Pantagani isə vurğulayıb ki, süni intellektin imkanlarını düzgün qiymətləndirmək üçün onu konkret ixtisas sahəsində çalışan həkimlərlə müqayisə etmək lazımdır.

Qeyd edək ki, süni intellekt son dövrlərdə yalnız tibbdə deyil, digər sahələrdə də diqqət çəkir. Məsələn, o, Perunun Nazca Desert ərazisində əvvəllər məlum olmayan yüzlərlə geoglifin aşkar edilməsində də istifadə olunub. Bu tədqiqat Masato Sakai rəhbərliyi ilə beynəlxalq komanda tərəfindən həyata keçirilib.

Bizə qoşulun