Sumqayıtın bəzi ərazilərində axşam saat 21:00-dan sonra avtobusların fəaliyyətini dayandırması sakinlər arasında narahatlıq yaradıb. Şəhərin kənar və mərkəzdən uzaq məhəllələrində yaşayanlar bu səbəbdən işdən və ya digər fəaliyyətlərdən gec qayıdarkən çətinliklə üzləşirlər. Bu vəziyyət həm təhlükəsizlik, həm də sosial rahatlıq baxımından şəhər sakinləri üçün əlavə çətinlik yaradır və ictimai nəqliyyatın təşkilinə dair suallar doğurur. Marşrutların axşam saatlarında fəaliyyəti nə üçün hələ də bərpa olunmur və ictimai nəqliyyat niyə vətəndaşları belə çətin vəziyyətdə qoyur?

Mövzu ilə bağlı Medianews.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlayıb. Qurumun mətbuat katibi Tural Orucov sözügedən məsələyə münasibət bildirib:
“Sumqayıt şəhərində sərnişin tələbatına əsasən avtobus marşrutlarının iş saatı 05:30-dan başlayır, bəzi ərazilərdə saat 22:00-23:00-a, bəzilərində isə 00:00-a qədər davam edir. Marşrut avtobusları tərtib olunmuş hərəkət sxemi və qrafik üzrə fəaliyyət göstərir.
Hazırda Sumqayıtda ictimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətlərin təhlükəsizlik və keyfiyyət baxımından yüksək standartlara çatdırılması məqsədilə marşrut xətləri təhlil edilir, marşrut şəbəkəsinin optimallaşdırılması üçün nəqliyyat planı hazırlanır, əlçatanlığın artırılması nəzərdə tutulur”.
Oğuz Ayvaz,
Medianews.az