Medianews.az
SSRİ-yə güllə atan kişinin Moskvaya gülverən xələfləri –
92 baxış

SSRİ-yə güllə atan kişinin Moskvaya gülverən xələfləri – Bjezinskidən stivlərə...

Görün, Zbiqnev Bjezinskinin yerində ABŞ-nin milli təhlükəsizlik və xarici siyasət məsələlərini kimlər həll edir.

Çox paradoksaldır. ABŞ kimi dövlətin son 100 ildəki 3-5 strateqindən biri olan şəxsin yerində kommersant təfəkkürlü, ölkəsinin və dünyanın gələcəyini fikirləşməyən, bu günün konyukturunu, yaxın hədəfləri düşünən adamlar var.

Z.Bjezinski isə gerçəkdən uzaqgörən şəxsiyyət idi. O, hələ 2014-cü ilin noyabrında Kremldəki ovqat və niyyətləri sezmiş və demişdi: "Əgər ruslar imperiyalarını bərpa etməyə çalışacaq qədər axmaqdırlarsa, Çeçenistan və Əfqanıstanı piknik kimi göstərəcək münaqişələrə girəcəklər".

Ukraynada verdiyi itkilər, məruz qaldığı dağıntılar, dünya üzərində təklənməsi göstərir ki, Rusiya Əfqanıstanda olduğundan on qat artıq ziyana düşüb., ancaq hələ də geriyə yol tanımır. (“Geriyə yol yoxdur, arxada Moskvadır” ifadəsi sovet-alman müharibəsindən qalma deviz olsa da, yenə aktualdır).
10 il (1979-1989-cu illər) davam edən həmin müharibədə SSRİ adlanan rus dövləti 13.833 nəfər itirib. Bundan başqa, həmin savaşda 53.753 nəfər yaralanıb, 417 nəfərisə itkin düşüb. Düzdür, bunların heç də hamısı rus millətinin övladları olmayıb, SSRİ-yə daxil olan bütün respublikaların vətəndaşları olublar, ancaq dövlət Moskvadan idarə olunurdu, üstəlik, Qərbdə “SSRİ” istilahından çox, “Rusiya” sözü işlədilirdi.

Bu federasiyanın son 4 ildə Ukraynada verdiyi itkiləriin miqyası isə qat-qat çoxdur. Dəqiq rəqəmlər açıqlanmasa da, söhbətin bir neçə yüz min nəfər həlak olan hərbçidən getdiyi iddiaları var. Orası da dəqiqdir ki, Kreml yenə RF ərazisində yaşayan etnik azlıqları daha çox səfərbər edərək güllə qabağına göndərib.

şaxma.JPG (42 KB)

Demək, Zbiqnev Bjezinski Rusiyanın başına gələn müsibətlərin Əfqanıstan və Çeçenistandakından daha ağır olacağını proqnozlaşdırarkən haqlıydı. Onun dedikləri artıqlaması ilə oldu və olmaqdadır.

Bjezinski 11 il öncəki açıqlamasında Rusiyanı “tamamilə lazımsız bir ölkə” adlandıraraq demişdi: "Biz Sovet İttifaqını məhv etdik, Rusiyanı da məhv edəcəyik. Sizin şansınız yoxdur".

utu-vit.JPG (29 KB)

Adamın ağlına gəlməzdi ki, aradan 10 il keçəcək, onun vaxtilə işlədiyi kabinetdə oturanlar (istər Trampın milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Stiven Bennon, istərsə də dövlət katibi Marko Rubio, yaxud xüsusi səfri Stive Uitkoff) Rusiyanın mənafeyinə xidmət edən çıxışlar edəcəklər, Ağ Evin, Dövlət Departamentinin rəsmi şəxləri isə RF-nin girdiyi bataqlıqdan çıxarmaq üçün cənfəşanlıq göstərəcəklər. Bu gün onlar Moskva qarşısında reveranslar edir, Kreml üçün “gül dərirlər”.

Bjezinski də, onun sələfi, daha mötədil diplomat kimi tanınan Henri Kissincer də Moskvaya münasibətdə qətiyyətli idilər və onun öz yaxın qonşularıvə bütün Avropa üçün necə real bir təhlükə törətdiyini bilirdilər.

Sovet-rus təbliğatı hələ ötən əsrin 80-ci illərinin başlanğıcında Z.Bjezinskini “baş düşmən” elan etmiş, onu “ilana ağu verən kərtənkələ” saymışdı. Rəsmi təbliğatda vurğulanırdı ki, prezident Karteri SSRİ-yə qarşı qızışdıran məhz Bjezinskidir. Bu ittihamlar təsadüfi deyildi. Gerçəkdən də Bjezinski Moskvaya qarşı çox sərt idi. O, Əfqanıstana soxulmuş sovet qoşunları barədə xəbər tutanda Ağ Evdə deyib ki, indi biz “Vyetnam müharibəsi”nin qisasını SSRİ-dən ala bilərik.

usama.jpg (96 KB)

Əfqanıstanda mücahidlər hərəkatının maliyyələşməsində və genişlənməsində ABŞ-nin böyük rol oynadığı hər kəsə məlumdur. Bu kampaniyanın layihə rəhbəri isə Bjezinski olub. O, hətta Pakistanda səfərdə olarkən əlinə avtomat silah götürərək SSRİ tərəfə atəş açıb və mücahidləri şəxsən motivasiya edib.

Bir sözlə, Rusiyanın müharibədə uduzması üçün əlindən gələn hər şeyi edənlərin postunda Rusiyanın savaşda qalib gəlməsi üçün dəridən-qabıqdan çıxanların oturması faktdır və bu, dünyadakı tarazlıqları pozur.

Görünür, hazırda Amerikanın özündə belə Z.Bjezinskinin “Böyük şahmat taxtasında” və digər kitablarını oxuyan, əldə rəhbər tutan, dünyanın gələcəyinə bu prizmadan baxan yoxdur.

ABŞ-nin hazırkı liderləri Çinlə necəsə baş etməyi düşünərkən, unudurlar ki, Pekindən fərqli olaraq Moskva orta əsrlərdəki kimi qaba gücün, açıq işğalların, istismarçı müstəmləkəçiliyin tərəfdarıdır.
Stivlər (Stiv Bennon, Stiv Uitkoff və digərləri) hələlik bunu anlayacaq qədər müdrik deyillər, Bjezinskki kimilər isə bu işlərin kitabını yazıb, qoyub, gediblər.

Araz Altaylı, Musavat.com

Bizə qoşulun