Türkiyəli müğənni Güllünün ölümü ilə bağlı aparılan istintaqda gedişatı dəyişdirə biləcək yeni iddia ortaya atılıb.
Musavat.com xəbər verir ki, jurnalist Emrullah Erdincin yaydığı məlumata görə, hadisə zamanı Güllü ilə eyni otaqda olan Sultan Nur Ulu polis ifadəsində müğənninin qızı Tuğyan Ülkəm Gültər tərəfindən itələnərək öldürüldüyünü bildirib. Sözügedən ifadə istintaq çərçivəsində “cinayəti etiraf” kimi qiymətləndirilib.
Bununla belə, Tuğyan Ülkəm Gültər bu iddiaları qəbul etməyib və ona qarşı səsləndirilən ittihamları təkzib edib. Bildirilir ki, hər iki şəxs Yalova Respublika Baş Prokurorluğuna göndəriləcək.
Xatırladaq ki, 52 yaşlı müğənni Güllü 26 sentyabr tarixində Yalovada, Çınarcık rayonunda yerləşən binanın 5-ci mərtəbəsindəki qapalı terrasdan yıxılaraq həyatını itirib. Hadisə baş verən zaman onun yanında qızı və dostu olub.
Məsələ ilə bağlı Güllünün prodüseri Ferdi Aydın da sosial şəbəkədə paylaşım edərək, “Sultan cinayəti etiraf edib. Allahın izni ilə bu iş bitdi”, – deyə açıqlama verib.
Digər tərəfdən, istintaq çərçivəsində Tuğyan Ülkəm Gültər, Sultan Nur Ulu və daha iki şəxsin ölkədən qaçmağa hazırlaşdığı iddiası da gündəmə gəlib. Lakin sonradan yayılan məlumatlarda onların xaricə deyil, Yalovaya qayıtmaq istədikləri bildirilib. Bu iddianı təsdiqləyən mesajlaşmalar da mətbuata sızdırılıb.
Şübhəlilərin vəkili Rahmi Çelik isə yayılan qaçış iddialarını rədd edərək, “Onların nəinki ölkədən çıxmağa, hətta Böyükçekmecədən Yalovaya getməyə belə pulları yox idi”, – deyə bildirib.