"Azərbaycanda orta aylıq əməkhaqqındakı artım dinamikasını müşahidə edirik. Artıma ən çox təsir göstərən faktor 2025-ci ildə sosial paketin icra edilməsi ilə bağlıdır".
Medianews.az Baku.ws-ə istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Deputat əlavə edib ki, sosial paketin icra edilməsi orta aylıq əməkhaqqıya birbaşa təsir göstərib:
"Çünki minimum əməkhaqqıda da artımlar müşahidə olunub. Bir sıra sektorlarda çalışan vətəndaşlarımızın maaşları artdı. Eləcə də Nazirlər Kabinetinin qərarı ilə bəzi qurumlarda çalışan vahid tarif cədvəlinə uyğun olaraq əməkhaqqı alan vətəndaşlarımızın vəzifə maaşlarında artımlar oldu.
İlkin gözlənti ondan ibarətdir ki, pensiyalar 9,2 faiz artacaq və son rəqəm növbəti ilin fevral ayının əvvəllərində elan olunacaq. Bu, o deməkdir ki, 500 manat pensiya alan vətəndaşımızın pensiya məbləğində təxminən 46 manat artım olacaq. Tam dəqiq rəqəm növbəti ilin əvvəllərində elan olunacaq. Hər bir vətəndaş öz pensiyasını hesablamaq imkanına malikdir.
Pensiya artımları əmək pensiyası alan bütün vətəndaşlarımıza şamil olunacaq. Həm yaşa görə əmək pensiyası, həm əlilliyə görə əmək pensiyası, həm ailə başçısını itirməyə görə əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğində artımlar olacaq".