Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvlüyündən çıxarılması məsələsi gündəmdədir.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli dekabrın 12-də jurnalistlərə deyib ki, Ramiz Mehdiyevin etdiyi hərəkətlər onun akademiyanın həqiqi üzvü olaraq qalmasına imkan vermir: “Bu məsələdə akademiyanın konkret mövqeyi var. Ramiz Mehdiyevin Azərbaycanın müstəqil dövlətçiliyinə qarşı etdiyi hərəkətlər, barəsindəki ittihamlar onun akademiyanın üzvü olaraq qalmasına qətiyyən imkan vermir. Məsələyə akademiyada baxılacaq və lazımi qərar qəbul ediləcək”.

Medianews.az bildirir ki, Ramiz Mehdiyev akademiklikdən məhrum edilsə, bu, müstəqillik dövründə AMEA-nın tarixində ikinci belə hadisə olacaq.
İlk hadisə 2007-ci ildə, Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvü seçiləndən bir neçə gün sonra baş verib.
2007-ci il aprelin 26-da Ramiz Mehdiyev akademiyanın həqiqi üzvü seçilib. Mayın 4-də o vaxt həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanov akademiyanın həqiqi üzvlüyündən xaric edilib. Qərar AMEA-nın ümumi yığıncağında gizli səsvermə yolu ilə qəbul olunub.
Ümumi yığıncaq AMEA-nın ali idarəetmə orqanıdır. Ümumi yığıncaq AMEA-nın həqiqi, müxbir, xarici və fəxri üzvlərindən ibarətdir.
AMEA-nın həqiqi və müxbir üzvləri ömürlük seçilirlər.
Akademiyanın həqiqi və müxbir üzvləri gizli səsvermə yolu ilə, üçdə iki səs çoxluğu ilə seçilirlər.

2005-ci ilin oktyabrında tutulan, 2007-ci ilin aprelində vəzifə cinayətlərində və iqtisadi cinayətlərdə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilən, azadlığa çıxmasına az qalmış narkotik vasitələrin dövriyyəsi, cəzaçəkmə müəssisəsində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması ittihamı ilə həbs müddəti 7 il 5 gün artırılan Əli İnsanov 2019-cu ilin martında Prezident İlham Əliyevin sərəncamı ilə əfv olunub.
Ramiz Mehdiyev 1995-ci ildən 2019-cu il oktyabrın 23-dək Prezident Administrasiyasına (2009-cu ilədək Prezidentin İcra Aparatı adlanıb) rəhbərlik edib. 2019-cu il oktyabrın 23-dən 2022-ci il fevralın 19-dək Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub.
2025-ci il oktyabrın 14-də Dövlət Təhlükəsizliyi Xidmətinin təqdimatı ilə Səbail Rayon Məhkəməsi Ramiz Mehdiyevin 4 ay müddətinə ev dustaqlığına alınması barədə qərar çıxarıb. Ramiz Mehdiyev Cinayət Məcəlləsinin üç maddəsi ilə təqsirləndirilir: 278.1, 274 və 193-1.3.2-ci maddələr.
278.1-ci maddə Azərbaycan Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər haqqındadır. Bu əməllər 12 ildən 20 ilədək müddətə və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
274-cü maddə dövlətə xəyanət haqqındadır. Dövlətə xəyanət, yəni Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə - 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
193-1-ci maddə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma haqqındadır. Bu maddənin 3.2-ci bəndinə, yəni 193-1.3.2-ci maddəyə əsasən, eyni əməli xeyli miqdarda (“xeyli miqdar” dedikdə 50 min manatdan artıq olan məbləğ başa düşülür) törədən şəxs 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Toğrul Əli,
Medianews.az