Medianews.az
Rusiya Türkiyə gəmisini raketlə vurdu -
197 baxış

Rusiya Türkiyə gəmisini raketlə vurdu - GÖRÜNTÜ

Rusiyanın silahlı qüvvələri Ukraynanın Odessa vilayətinə raket zərbəsi endirib, nəticədə Çornomorsk limanında mülki gəmi zədələnib.

Medianews.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib. Onun sözlərinə görə, hadisə Rusiyanın hazırkı mərhələdə diplomatik imkanları ciddi qəbul etmədiyini və müharibəni Ukraynada normal həyatın məhv edilməsi xətti ilə davam etdirdiyini bir daha göstərir.

Hadisə ilə bağlı yayılan foto və videolara əsasən, zərbəyə məruz qalan gəminin Türkiyənin "Cenk RoRo" şirkətinə aid olduğu bildirilir. Gəminin hansı yükü daşıdığı rəsmi şəkildə açıqlanmayıb.

Bununla belə, “Politika Stranı” adlı Telegram kanalı bəzi görüntülərdə Türkiyənin AKSA şirkətinə məxsus dizel, benzin və qaz generatorları istehsal edən konteynerlərin gəminin göyərtəsində ola biləcəyini iddia edir.

Daha əvvəl, saat 20:12 radələrində "Reuters" agentliyi Odessa vilayətində Rusiya aviazərbəsi nəticəsində bir gəminin zədələndiyini və yanğın baş verdiyini yazmışdı. Agentliyin mənbələrinin məlumatına görə, insident regionun üç ən böyük dəniz limanından biri olan Çornomorskda qeydə alınıb. Mənbələrdən biri zədələnən gəmini Cenk T kimi tanıdığını bildirib.

Ukrayna mediasının yaydığı məlumata görə, Panama bayrağı altında üzən "Cenk RoRo" gəmisi Türkiyənin Karasu limanından Rumıniyaya doğru hərəkət edirmiş. Gəminin sahibi Türkiyənin yük avtomobilləri və qoşquların daşınması üzrə ixtisaslaşan "Cenk Shipping RoRo" şirkətidir. Sosial şəbəkələrdə yayılan fotolarda zərbə anında gəmidə yük maşınlarının olduğu da görünür. İlkin məlumatlara əsasən, hücum iki “İskander-M” raketi ilə həyata keçirilib. Reuters həmçinin gəmi sahibinin Türkiyə vətəndaşı olduğunu qeyd edir.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü Türkmənistanda Rusiya Prezidenti Vladimir Putinlə görüşdə Rusiya və Ukraynanın limanlara və enerji infrastrukturlarına zərbələrə moratorium elan etməsini təklif edib. Çornomorsk limanında baş verən bu insident isə həmin təklifdən qısa müddət sonra qeydə alınıb.

***

Ukraynanın Odessa Limanında Türkiyəyə məxsus yük gəmisinə raket zərbəsi dəyib.

Medianews.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Raketin Rusiyaya məxsus olduğu bildirilir.

Vurulan gəmidə yanğın başlayıb.

Bizə qoşulun