“Bir az soyuq havalarda narahat oluram. Sonra keçib gedir. Səhhətimi qoruyuram. Əsəbdən, söz-söhbətdən kənar olmağa çalışıram. Teatrda işimə davam edirəm. “Varlı qadın” tamaşasının hər buraxılışı maşallah anşlaq keçir. 2026-cı ildə yəqin ki, yeni tamaşalar da hazırlanacaq. Dəqiq bilirəm ki, olacaq. Mən rol alacam yoxsa yox, bax onu bilmirəm. Bu həm mənim səhhətimdən, həm də veriləcək roldan asılıdır”

Bunu Medianews.az-a açıqlamasında xalq artisti, Akademik Milli Dram teatrının aktrisası Firəngiz Mütəllimova deyib. O daha sonra film və seriallarda rol almamasının səbəblərindən danışıb:
“Film və seriallarda çəkilmirəm. Dövlət sifarişli filmlərdə rol almaq istərdim. Hansı ki, bu filmlər o vaxt “Azərbaycanfilm” kinostudiyası tərəfindən çəkilirdi. Dövlət sifarişli filmlərə ciddi yanaşma olur. Mən ciddi işlə məşğul olmaq istəyirəm. Nəyinsə, kiminsə xətrinə eyni rollarda çəkilmək istəmirəm. Elə rol istəyirəm ki, təkrarı olmasın. İndiyə qədər etdiyimi etmişəm, ondan üstün nəsə etmək istəyirəm. Həmin rolla nəsə söz demək istəyirəm. Bu günlərdə eşitdim ki, “Azərbaycanfilm” kinostudiyası bərpa olunacaq. Bu xəbər mənim üçün də sevindirici oldu. Mən də istərdim ki, kinostudiya əvvəlki həyatına dönsün, qaynasın-qarışsın. Hər birimiz əvvəlki abu-havanı arzulayırıq”.

Xalq artisti onu şoka salan süni intellektdən də danışıb:
“Bu gün süni intellekt bütün dünyanı cənginə alıb. Həm mahnı bəstələyir, həm film çəkir, həm də başqa videogörüntülər paylaşılır. İnsanların çoxu bəyənsə də, əksəriyyəti narahatdır. Belə getsə süni intellekt insanların bütün haqlarını, hüquqlarını əllərindən alacaq. Nə istəyirlər, hansı mövzuda istəyirlər onu da edirlər. Süni intellekt insan əməyini əvəz edə bilməz. Onun adında belə “süni” sözü var. Bu elə çox şeydən xəbər verir. Belə getsə bilməyəcəyik ki, qabağımıza çıxan robotdur yoxsa adam? Adam şok yaşayır”.
Əli Əsgər
Medianews.az