Medianews.az
Türkiyə S-400-ləri qaytarsa... -
239 baxış

Türkiyə S-400-ləri qaytarsa... - Azərbaycana lazımdırmı?

Bir neçə gün öncə ABŞ-nin Türkiyədəki səfiri Tomas Barak bəyan edib ki, Türkiyə S-400 hava hücumundan müdafiə (HHM) sistemindən imtina edə bilər. Səfir hətta bu prosesin 4-6 ay ərzindən həll ola biləcəyini də qeyd edib. Səfirin bəyanatında diqqət çəkən məqamlardan biri də ABŞ ilə Türkiyə arasındakı gərginliyin səbəbi kimi Rusiyadan alınan S-400-lər olduğunun göstərilməsidir. ABŞ tərəfinin bu bəyanatından sonra S-400-lərin Rusiyaya qaytarılması, hətta Azərbaycana satılması kimi məsələlər, iddialar müzakirə olunur.

Əvvəla onu qeyd etmək lazımdır ki, ABŞ ilə Türkiyə arasındakı gərginliyin səbəbi kimi S-400-lərin Rusiyadan alınması göstərilsə də, əslində problem S-400-lərin alınmasından əvvəl başlamışdı. Problemin səbəbi kimi önə çıxarılan S-400-lər yox, Türkiyənin tələb etdiyi "Patriot" HHM-ləri idi. Türkiyə ABŞ-dən "Patriot"lar tələb edirdi. Ancaq ABŞ tərəfi bu sistemləri Türkiyəyə satmaqdan imtina etdi. Bunun qarşılığında isə Türkiyə müasir HHM sistemləri axtarışına çıxdı və Rusiyadan S-400-lər aldı. Buna cavab olaraq isə, ABŞ Türkiyəni F-35 proqramından çıxardı. ABŞ tərəfi indi bəyan edir ki, Türkiyə S-400-dən imtina etsə, onu F-35 proqramına qaytara bilər. Hesab edək ki, Türkiyə S-400-ləri Rusiyaya qaytarır, yaxud Azərbaycana satılmasına nail olur (bu məsələyə aşağıda toxunacam) və F-35 proqramına qayıdır. Türkiyənin HHM tələbi olmayacaq? Düşünürəm ki, bu versiya baş tutsa belə, proses yenə sıfır nöqtəsinə qayıdacaq. Türkiyə yenə "Patriot" tələb edəcək. ABŞ "Patriot" satacaq? İndiki mərhələdə inanadırıcı görünmür. Çünki ABŞ yalnız F-35 proqramına qayıtmaqdan bəhs edir, HHM-lə bağlı problemi aradan qaldırmaq yönündə heç bir fikir səsləndirmir.

İran İsrail toqquşmasını Türkiyə tərəfi dərindən təhlil edib. Mətbuata yayılan hissədə Türkiyədə açıq şəkildə boşluqlar qeyd olunur və bu xüsusilə HHM, sığınacaqlar, orta və uzaq mənzilli raketlərə ehtiyaclarla bağlıdır. Yəni Türkiyə HHM problemini həll etməlidir, özü də ən qısa zamanda. Türkiyə F-35 proqramından çıxarılıb, hesab edirəm ki, haqsız yerə və F-16-ların moderinləşdirilməsinə də qadağa qoyulub. Buna cavab olaraq da, Türkiyə Avropanın 4 ölkəsinin (Böyük Britaniya, Almaniya, İtaliya, İspaniya) birgə istehsalı olan Eurofighter Typhoon qırıcılarını almaq üçün danışıqlar aparır, hətta bu qırıcıların Türkiyəyə satışı barədə razılığın əldə olunması iddia olunur. Eurofighter Typhoon qırıcıları 4-cü nəsil qırıcılardan üstün, 5-ci nəsil qırıcılardan isə aşağıdır. Türkiyə qırıcı məsələsində alternativ tapıb. Ancaq Türkiyə HHM problemi ilə bağlı alternativ hələ də tapmayıb. İsraillə Türkiyə arasında böyük ticarət dövriyyəsi olsa da, Türkiyənin indiki məqamda İsraildən HHM sistemləri alacağı inandırıcı deyil. Yəni strateji HHM sahəsində iki seçim var, ya "Patriot", ya da S-400. Rusiya Ukrayna müharibəsi də HHM sistemlərinin əhəmiyyətini ortaya qoyur. İran İsrail toqquşması isə bu məsələdə dövlətləri daha çevik davranmağa sövq edir.

Türkiyədən fərqli olaraq Azərbaycanın hava məkanının müdafiəsi sərhəddən sərhədə təşkil olunur. Azərbaycan S-300-dən əlavə Çindən HQ-9 HHM sistemləri də alıb. Sual yarana bilər, Azərbaycana S-400-lər lazımdır? Strateji baxımdan lazımdır. Türkiyə S-400-ləri Azərbaycana satmaq istəsə belə, bunu Rusiyanın icazəsi olmadan edə bilməz. Xatırlayaq, Yunanıstan S-300-ləri Ermənistana satmaq niyyətində olduğunu bildirən zaman Rusiyadan dərhal cavab gəldi ki, Moskvanın icazəsi olmadan bu mümkün deyil və söhbət birdəfəlik bağlandı. Alqı-satqı məsələsini qoyaq bir kənara, Rusiya, İran və Cənubi Qafqazda maraqları olan ölkələr regionda güc balansının bu qədər dəyişməsinə, Azərbaycanın bu qədər güclənməsinə razı olarlar? İnandırıcı deyil. Ümumiyyətlə, Azərbaycan üçün birinci dərəcəli məsələ S-400-dür? Qətiyyən! Azərbaycan onsuz da hava məkanı ən yaxşı qorunan ölkələrdən sayılır. Azərbaycan üçün birinci dərəcəli məsələ kadrların qorunması, inkişafı, yüzlərlə dron operatorlarının hazırlanması, süni intellekt sahəsinə yatırımların edilməsi, humanoidlər və digər məsələlərdir, yaxud olmalıdır.

Döyüş təyyarələri, HHM sistemləri strateji əhəmiyyətə sahibdir. Yəni Türkiyənin S-400-ləri Rusiyaya qaytarması iki ölkə arasında gərginliyə gətirib çıxara bilər. Bu məsələ iki ölkə arasında hansı problemlər yaradar - başqa yazının mövzusudur, daha çox da politoloqların işidir. Ancaq dəqiq olan budur ki, iki ölkə arasında gərginlik birbaşa Cənubi Qafqazda hiss olunar. Hətta bu gərginlik təkcə diplomatik yox, sahədə də özünü göstərər.

Səxavət Məmməd

Bizə qoşulun