Medianews.az
Jurnalist Qurban Qurbanovu sərt tənqid etdi
1,465 baxış

Jurnalist Qurban Qurbanovu sərt tənqid etdi

Jurnalist Səxavət Məmməd Azərbaycanın "Qarabağ" futbol klubunun Niderlandın "Ayaks" klubu ilə qarşılaşmasını şərh edərkən baş məşqçi Qurban Qurbanovu qınayıb.  

Medianews.az-ın məlumatına görə, Səxavət Məmməd feysbuk şəbəkəsindəki hesabında yazdığı şərhdə öncə bildirib ki, "Qarabağ" klubu UEFA Çempionlar Liqasında oynadığı, uğurlu olduğu üçün yox, ən bərbad günündə də bu komandanın tərəfdarı olub: “Yadıma gəlir, klubun maliyyə vəziyyəti çox ağır idi, insanlar pul yığırdı ki, klub yaşasın. Klubun o vaxtında da yanında olmuşuq.

"Qarabağ" dekabrın 10-da UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində keçirilən oyunda Niderlandın "Ayaks" klubuna məğlub oldu. Əslində döyüşdə uduzdu.

Nağıl danışmayaq, "Qarabağ" futbolla nəinki “Ayaks”ı, heç “Benfika”nı da uda bilməz! Qarabağ ancaq və ancaq döyüşərək “Benfika”nı, “Kopenhagen”i, hətta “Ayaks”ı məğlub edə bilər.

“Qarabağ” “Ayaks”la birinci hissədə yaxşı döyüşürdü, ikinci hissədə baş məşqçi Qurban Qurbanov Nəriman Axundzadə kimi döyüş qabiliyyəti aşağı olan oyunçunu meydana buraxdı. Qurban Qurbanov mətbuat konfransında deyir ki, özü də bilmir Nəriman haqqında nə desin. Bu nəyin eqosudur, bu nəyin qisasıdır, bu nəyi sübut etmək cəhdidir? Yazıldı, deyildi ki, hücumçu al, pula qıyılmadı, mərhələni hazırkı heyətlə adladı, bizimkilər yazdı ki, Qurban Qurbanov hər şeyi bilir. Kim deyir ki, tərəfdar az bilir? Tərəfdarlar Avropada klub prezidenti, məşqçi göndərir, oyunçunu klubdan qovdurur və nəticə də verir. Hamı bir ağızdan deyir ki, Nəriman oyunçu deyil, alınmır da onunla. Qurban Qurbanov nəyisə sübut etmək istəyir. Qurban Qurbanov Azərbaycan standartlarından bir qədər yüksək mütəxəssisdir. Ancaq sanki Azərbaycan məmurluğu sindromuna girib, mən daha ağıllıyam, kənardan deyirlərsə, əksini eləməliyəm!

Demirəm, “Qarabağ” “Ayaks”ı udmalı idi. “Qarabağ” və “Qarabağ” kimi klublar nəticə əldə etmək üçün döyüşməlidir. Heç nəticə də əldə etmə. Mənə görə, hətta qazanılan xallar da çoxdur. Məğlub ol, az xal yığ, ancaq döyüş. Kevin Medinanın döyüşdüyü meydana Nərimanı və onun kimiləri buraxmaq ədalətsizlikdir, hörmətsizlikdir, bir az da irəli gedim, zəif komandirlikdir”.

Medianews.az xatırladır ki, UEFA Çempionlar Liqasının 2025-2026 mövsümündə liqa mərhələsinin altı turu geridə qalıb. Azərbaycan təmsilçisi “Qarabağ” 7 xalla 22-ci pillədədir. Qalan iki turda “Qarabağ” Almaniyanın “Ayntraxt” (Frankfurt) komandası ilə evdə, İngiltərənin “Liverpul” komandası ilə səfərdə görüşəcək.

Medianews.az bildirir ki, 7-8-ci turlar 2026-cı il yanvarın 20-28-nə təyin olunub.

Reqlamentə görə, 36 komandalıq yarışda ilk 8 pilləni tutanlar 1/8 finala, 9-24-cü yerləri tutanlar 1/16 finala çıxır. Xallar bərabər olanda ardıcıllıqla bu meyarlar əsas götürülür: top fərqi, qol sayı, səfərdə qol sayı, qələbə sayı, rəqib meydanında qələbə sayı, komandanın raunddakı rəqiblərinin göstəriciləri (xal, top fərqi, qol sayı), cəza balı (sarı və qırmızı vərəqələr), komandanın reytinqi.

1955-ci ildən keçirilən, 1992-ci ilə qədər Çempionlar kuboku adlanmış Çempionlar Liqasında “Real” 15, “Milan” 7, “Bavariya” və “Liverpul” 6, “Barselona” 5, “Ayaks” 4, “İnter” (İtaliya) və “Mançester Yunayted” 3, “Benfika”, “Nottingem Forest”, “Yuventus”, “Portu” və “Çelsi” 2, “Seltik”, “Feyenoord”, “Aston Villa”, “Hamburq”, “Styaua”, PSV, “Srvena Zvezda”, “Marsel”, “Borussiya” (Dortmund), “Mançester Siti” və PSJ 1 titula sahibdir.

Medianews.az

Bizə qoşulun