Medianews.az
“Soyqırımı” iddiası münasibətlərə necə təsir göstərəcək?
605 baxış

“Soyqırımı” iddiası münasibətlərə necə təsir göstərəcək?

İsrailin baş naziri Benyamin Netanyahu XX əsrin əvvəllərində Osmanlı İmperiyasının ermənilər, assuriyalılar və yunanlara qarşı “soyqırımı” törətdiyini bildirib. Netanyahu ilk dəfədir belə bir mövqe sərgiləyir.

Benyamin Netanyahu 1996-1999 və 2009-2021-ci illərdə də İsrailin baş naziri olub. O, 2022-ci ilin dekabrından yenidən baş nazir postunu tutur.

Necə oldu ki, Netanyahu XX əsrin əvvəllərində Osmanlı İmperiyasında baş verən hadisələri məhz indi erməni, assuriyalı və yunan “soyqırımı" kimi tanımaq qərarına gəldi? Bu mövqe İsraillə Türkiyə və ümumən türk dünyası arasında münasibətlərə necə təsir göstərəcək?

Medianews.az-ın suallarını cavablandıran politoloq Ərəstun Oruclu bildirib ki, hazırda Benyamin Netanyahunun özü və hökuməti Qəzzada soyqırımı törətməkdə ittiham olunur: “Məhz bu ittihamla ötən ilin noyabrında Beynəlxalq Cinayət Məhkəməsi Benyamin Netanyahunun həbsinə order verib. Netanyahu indi bu kölgəni üzərindən atmağa çalışır. Ona görə belə bir qalmaqal yaradacaq bəyanat verir. Amma bunun əhəmiyyəti yoxdur. Türkiyəni “soyqırımı”nda ittiham etmək absurddur. Üstəlik, yəhudi dövlətinin başçısının Türkiyəyə qarşı belə bəyanat verməsi öz xalqının tarixinə, qan yaddaşına hörmətsizlikdir. Çünki heç kəsə sirr deyil ki, məhz tarixin ən ağır dönəmlərində yəhudi xalqını Osmanlı İmperiyası, Türkiyə Cümhuriyyəti xilas edib. Elə 1930-cu illərdə Almaniyada, Avropada faşizm tüğyan edəndə Avropadan yəhudilərin əksəriyyəti Türkiyənin sayəsində xilas ola bilib”.

Ə.Oruclu hesab edir ki, Türkiyə rəsmiləri Netanyahunun iddiasına qarşı bəyanatlarla çıxış etsə də, digər türk ölkələrinin məsələyə rəsmi səviyyədə sərt reaksiya verəcəyi gözlənilən deyil: “Amma Netanyahunun bu hərəkəti İsraillə təkcə Türkiyənin yox, başqa türk ölkələrinin də münasibətlərinə neqativ təsir göstərəcək. Türkiyə ilə münasibətlər aydındır. Orada istər cəmiyyət, istərsə də hakimiyyət səviyyəsində İsraillə münasibətlər kifayət qədər gərgindir. Hətta bəzən qarşılıqlı şəkildə hərbi təhdidlər də səsləndirilir. Digər türk ölkələrinə gəlincə, şübhə etmirəm ki, “soyqırımı” ittihamı həmin ölkələrin ictimai rəyində çox mənfi reaksiya doğuracaq. Bu isə öz növbəsində İsraillə mövcud siyasi, diplomatik və digər sahələrdəki əlaqələrə təsirsiz ötüşməyəcək. Hələlik görünən budur ki,  məsələnin üzərindən mümkün qədər sükutla keçməyə çalışılır. Amma hər bir halda tam şəkildə sükutla keçmək mümkün olmayacaq”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun