Son vaxtlar sosial şəbəkələrdə tanınmış şəxslərin və ya adi vətəndaşların adından pul yığılması halları artıb. Dələduzlar saxta profillər və ya oğurlanmış hesablar vasitəsilə insanlardan yardım adı ilə vəsait toplamağa çalışırlar. Bu cür halların çoxalması cəmiyyətdə ciddi narahatlıq yaradır. Bəs sosial mediada bu tip fırıldaqlardan necə qorunmaq olar?

Məsələ ilə bağlı Medianews-a açıqlama verən İnformasiya Texnologiyaları mütəxəssisi Elvin Abbasov deyib ki, sosial mediada tanınmış şəxslərin və ya yaxın dostların adından istifadə edilərək həyata keçirilən yardım kampaniyaları, insanların xeyirxahlıq hisslərini hədəf alan mürəkkəb bir kiber-dələduzluq növüdür.
Onun sözlərinə görə, bu sxemlərdə fırıldaqçılar çox vaxt orijinal profilləri kopyalayaraq saxta nüsxələr yaradır və ya oğurlanmış hesablar vasitəsilə "təcili əməliyyat", "şəhid ailəsinə dəstək" kimi emosional manipulyasiya metodlarından istifadə edərək vətəndaşları sürətli və qeyri-rəsmi pul köçürmələrinə sövq edirlər:
“Bu cür hallardan qorunmaq üçün ilk növbədə yardım çağırışı edən profilin həqiqiliyini (məsələn, rəsmi təsdiq nişanını) yoxlamaq, fərdi kart nömrələrinə deyil, yalnız rəsmi fondların bank hesablarına etibar etmək və yaxın adamdan gələn bu növ müraciətləri başqa bir rabitə vasitəsi ilə mütləq dəqiqləşdirmək lazımdır”.
Ekspert qeyd edib ki, dələduzların ən böyük silahı "təcililik" hissi yaradaraq istifadəçini soyuqqanlı düşünməkdən yayındırmaqdır:
“Buna görə də hər hansı vəsait göndərməzdən əvvəl məlumatın rəsmi mənbələrdə əks olunub-olunmadığını araşdırmaq ən effektiv preventiv tədbirdir. Şübhəli fəaliyyət aşkarladıqda isə həmin hesabı platforma daxilində dərhal “Dələduzluq” (Scam) kateqoriyası üzrə şikayət etmək rəqəmsal cinayətkarlıqla mübarizədə kollektiv təhlükəsizliyi təmin edir. Unutmaq olmaz ki, rəsmi yardım kampaniyaları şəffaf hesabatlılıq tələb etdiyi üçün onlar heç vaxt nəzarətsiz sosial media mesajları və ya qeyri-müəyyən kart nömrələri üzərindən icra olunmur”.
Oğuz Ayvaz
Medianews.az