Medianews.az
Bill Qeyts ən son anda tribunaya çıxmaqdan boyun qaçırdı
109 baxış

Bill Qeyts ən son anda tribunaya çıxmaqdan boyun qaçırdı

“Microsoft” şirkətinin həmtəsisçisi, milyarder Bill Qeyt “Epşteyn qalmaqalı”na görə Hindistanda süni intellektə həsr olunmuş sammitdə çıxış edə bilməyib.

Medianews.az xarici mediaya istinadla bildirir ki, Bill Qeytsin “Aİ İmpact Summit 2026” adlı tədbirdə çıxışı əvvəldən planlaşdırılıbmış. Bunu sammitin təşkilatçıları ötən həftə rəsmi şəkildə elan da edibmiş. Amma Bill Qeyt tədbirdə iştirak etsə də, çıxışa bir neçə saat qalmış nitq söyləməkdən boyun qaçırıb.

Qeyts Fondunun yaydığı açıqlamada bu məsələyə aydınlıq gətirilib. Bildirilib ki, milyarder ictimai diqqəti sammitin əsas işindən yayındırmamaq üçün tribunaya çıxmayıb. Yəni Bill Qeyt çıxış etsəydi, süni intellektlə bağlı məsələlər bir kənarda qalacaq, “Epşteyn qalmaqalı” önə keçəcək, sammitin gündəminə düşəcəkdi.

Xatırladaq ki, seksual təcavüzdə bir sıra digər ağır cinayətlərdə ittiham olunan amerikalı maliyyəçi Cefri Epşteynlə Bill Qeyts arasında 2010-cu illərdə təmaslar olub. 2019-cu ildə həbsdə olduğu vaxt müəmmalı şəkildə ölən Epşteynlə bağlı son aylar açıqlanan yüz minlərlə sənəd onun Qeytslə münasibətlərini də yenidən diqqət mərkəzinə gətirib. Qeytsin nüfuzuna kölgə salan iddialar ortaya çıxıb. Bill Qeyts Epşteyni tanıdığına görə peşmanlığını bildirib, irəli sürülən bəzi iddiaları isə etiraf etməyib.

Medianews.az

Bizə qoşulun