"Cari bazar dəyişkənliyi və Avropada istehlakçı davranışının dəyişməsi fonunda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) mövcud müqavilələrə yenidən baxılmasını və ya yenilərinin restrukturizasiyasını gözləmir".
Oxu.Az xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Əfqan İsayev "Euronews" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, uzunmüddətli müqavilələr olmadan böyük infrastruktura və zəruri maliyyələşdirməyə (CAPEX) malik layihələr sadəcə mövcud ola və inkişaf edə bilməzdi:
"Cənub Qaz Dəhlizi"ni misal göstərə bilərik: bizim uzunmüddətli qaz müqavilələrimiz var və bu, maliyyələşdirmənin cəlb edilməsində həlledici amil olub. Bəli, əlbəttə, bazar dinamikasından və layihələrin növündən asılı olaraq, biz qısamüddətli və ya spot sövdələşmələrə girməyə hazır ola bilərik, lakin indiki mərhələdə mövcud offtake-müqavilələrə yenidən baxmırıq və ya onları yenidən razılaşdırmırıq".
Neft və qaza tələbatın gözləniləndən tez pik həddə çatması riskləri və şirkətin tələbatsız aktivləri üzrə risklərin nə qədər böyük olması ilə bağlı sualı cavablandıran Ə.İsayev qeyd edib ki, SOCAR 2050-ci ilə qədər belə bir ssenarini nəzərdə tutmayan OPEC-in proqnozları ilə razıdır:
"Bizdə lazımi infrastruktur var, məsələn, boru kəmərləri. Bizim buradan İtaliyaya qədər uzanan Cənub Qaz Dəhlizimiz və Aralıq dənizinə çıxan "Bakı-Tbilisi-Ceyhan" neft kəmərimiz mövcuddur. Çox maraqlı tərəfdaşlar və yenilikçilərlə əməkdaşlığa başlamışıq. Məsələn, biometan istehsalı kimi aşağı karbonlu yanacaqları nəzərdən keçiririk. İkinci istiqamət ekoloji cəhətdən davamlı aviasiya yanacağıdır. Üçüncüsü sintetik metandır. Bundan əlavə, neft-kimya məhsullarımıza da baxırıq. Nəyə əl atsanız, hər şeydə karbohidrogen var. Buna görə, neft-kimya məhsullarına tələbatın azalacağına əminik", - deyə şirkət nümayəndəsi vurğulayıb.