Medianews.az
Almaniyada ən yüksək maaşı Hindistan mənşəlilər alır
124 baxış

Almaniyada ən yüksək maaşı Hindistan mənşəlilər alır

İqtisadiyyat İnstitutunun araşdırmasına görə, Almaniyada ən yüksək maaşı Hindistan mənşəli şəxslər qazanır. Onlar orta hesabla nə qədər gəlir əldə edirlər və almanları, eləcə də digər miqrant mənşəli qrupları necə geridə qoymağı bacarırlar?

Almaniyada aparılan bir araşdırmaya əsasən, ölkədə çalışan Hindistan mənşəli işçilər bütün digər qruplardan daha çox gəlir əldə edirlər.

İşəgötürənlərə yaxınlığı ilə tanınan Alman İqtisadiyyat İnstitutunun (IW) son hesabatına görə, 2024-cü ildə Hindistan mənşəlilərin orta aylıq brüt maaşı 5 393 avro olub. Bu qrupdan sonra 5 322 avro ilə Almaniyada çalışan avstriyalılar, onların ardınca 5 307 avro ilə amerikalılar və 5 233 avro ilə irlandiyalılar gəlir. Alman işçilərin orta aylıq brüt gəliri isə 4 177 avro olaraq göstərilib. Ümumilikdə isə ölkədəki xarici mənşəli işçilərin orta maaşı 3 204 avro səviyyəsində olub.

Hindistanlılar niyə ən çox qazanan qrupdur?

IW hesabatına görə, Hindistanlı işçilərin yüksək gəlir səviyyəsinin əsas səbəbi onların əsasən texniki sahələrdə çalışmalarıdır. Almaniyada bir çox Hindistan vətəndaşı MINT (riyaziyyat, informatika, təbiət elmləri və texnologiya) adlanan peşə sahələrində fəaliyyət göstərir. Bu sahələrdə çalışan Hindistanlıların sayı 2012–2024-cü illər arasında təxminən doqquz dəfə artaraq 32 800 nəfəri keçib. 25–44 yaş arası tam ştat işləyən Hindistanlıların təxminən üçdə biri bu sektorlar üzrə çalışır.

Təhsilin və innovasiyanın rolu

IW-nin hesabatında qeyd olunur ki, bu inkişaf Almaniyada oxuyan Hindistanlı tələbələrin sayındakı kəskin artımla da bağlıdır. Hesabatın müəllifləri bildirirlər ki, Hindistandan gəlib Almaniyada təhsil alan bir çox tələbə təhsilini uğurla başa vurduqdan sonra ölkədə qalır və tədqiqatlar, innovasiyalar sahəsində mühüm töhfələr verir. IW məlumatlarına görə, Hindistan mənşəli ixtiraçıların illik patent müraciətlərinin sayı 2000–2022-ci illər arasında 12 dəfə artıb.

Hindistandan miqrasiya: “Xüsusi bir uğur hekayəsi”

IW eksperti Axel Plünnecke bildirir ki, “ixtisaslı miqrasiya olmasaydı, bu gün Almaniya iqtisadiyyatında artım demək olar ki, mümkün olmazdı — xüsusilə MINT peşələri və innovasiya sahələrində”. Plünnecke Hindistandan gələn ixtisaslı miqrasiyanı “xüsusi bir uğur hekayəsi” kimi xarakterizə edir.

Yüksək maaşların digər bir səbəbi kimi — Avstriya və ABŞ-dan gələnlərdə də olduğu kimi — bu ixtisaslı işçilərin əksəriyyətinin maaş səviyyəsi yüksək olan, iqtisadi cəhətdən güclü şəhər mərkəzlərini seçməsi göstərilir.

Alman hökuməti 2012-ci ildən bəri, xüsusilə akademik MINT sahələri üçün üçüncü ölkələrdən mütəxəssisləri cəlb etməyə yönəlmiş müxtəlif proqramlar və təşəbbüslər həyata keçirir.

Sözügedən IW hesabatı Almaniyada 5 mindən çox tam ştat işçisi olan ölkə vətəndaşları nəzərə alınmaqla Federal Məşğulluq Agentliyinin statistikasına əsaslanır.

MINT sahəsində akademik məşğulluq və göstəricilər

Son illərdə üçüncü ölkələrdən gələn intensiv miqrasiya xüsusilə 25–44 yaş qrupundakı tam ştat işçilər arasında akademik MINT peşələrində məşğulluq strukturunu nəzərəçarpacaq dərəcədə dəyişib. 2024-cü ilin sonuna olan məlumata görə, Almaniyada bu yaş qrupundakı bütün tam ştat işçilərin təxminən 7,6 faizi akademik MINT sektorunda çalışıb. Almanlar arasında bu göstərici 7,7 faiz, xarici işçilər arasında isə 7,3 faiz olub.

Akademik MINT peşələrində Hindistan vətəndaşlarının xüsusilə çoxluq təşkil etdiyi görünür. 25–44 yaş arası tam ştat işləyən Hindistanlıların 30,7 faizi bu sahədə çalışır. Bu göstərici Çin mənşəlilərdə 24 faiz, Braziliya mənşəlilərdə 20,8 faiz, Rusiya mənşəlilərdə 18,9 faiz, İran mənşəlilərdə 17,3 faiz, Fransa mənşəlilərdə 16,2 faiz, ABŞ mənşəlilərdə 15,3 faiz, Braziliya xaric Latın Amerikası ölkələrindən olanlarda 15,1 faiz, İngiltərə və İrlandiya mənşəlilərdə 14,9 faiz, Şimali Afrika ölkələri mənşəlilərdə isə 14,8 faiz təşkil edir.

Son illərdə Hindistan, Latın Amerikası, Rusiya, Türkiyə və Şimali Afrika mənşəli şəxslər arasında akademik MINT peşələrində məşğulluqda nəzərəçarpacaq artım qeydə alınsa da, araşdırmada Türkiyə mənşəlilərin maaş səviyyəsi və ya tam payı ilə bağlı ayrıca məlumat verilməyib.

Bəs ən az qazananlar kimlərdir?

Hesabatda ən aşağı maaş alan qrupların gəldikləri ölkələr də göstərilib. Buna görə, orta aylıq 2 681 avro ilə Bolqarıstan, 2 762 avro ilə Rumıniya və 2 750 avro ilə Suriya mənşəli işçilər son sıralarda yer alıb. Bu aşağı maaş səviyyəsi həmin qrupların təxminən 50 faizə qədərinin ixtisas tələb etməyən, “köməkçi işlər” adlandırılan sahələrdə çalışması ilə izah olunur.

Sarvan Səmədoğlu,
Almaniya

Bizə qoşulun