ABŞ-ın Venesuela Prezidenti Nikolas Maduronu ələ keçirmək üçün gecə ərzində aparılan missiyası "Tam Qətiyyət Əməliyyatı" adlandırılıb.
AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn bildirib.
"Tam Qətiyyət Əməliyyatı” kimi tanınan əməliyyat yanvarın 2-də gecə yarısı gizli, dəqiq və aylarla davam edən planlaşdırma və məşq nəticəsində, yalnız ABŞ ordusunun həyata keçirə biləcəyi bir əməliyyatın kulminasiya nöqtəsi idi", - deyə general bildirib.
O, əməliyyatın bəzi detallarını da açıqlayıb və deyib ki, Maduronun necə hərəkət etdiyi, harada yaşadığı, haraya səyahət etdiyi, nə yediyi, nə geyindiyi aylarla izlənilib.
“Qərb yarımkürəsində quru və dənizdəki 20 fərqli bazadan 150-dən çox təyyarə havaya qalxdı.
Ərazidə həyata keçirilən bir sıra zərbələrlə qorunan vertolyotlar gecə saat 1:00 radələrində Maduronun qərargahına çatdı. Maduro və həyat yoldaşını ələ keçirmək üçün mühafizə qüvvələri atəşə tutulduqdan sonra çoxsaylı özünümüdafiə əməliyyatları keçirilib və sonra - saat 3:29 radələrində Venesueladan geri uçublar”, - deyə Den Keyn qeyd edib.