2026-cı il Azərbaycan üçün beynəlxalq tədbirlərin keçirildiyi mühüm illərdən biri olacaq. İl ərzində ölkədə idman, turizm, biznes və beynəlxalq əməkdaşlıq sahələrini əhatə edən bir sıra nüfuzlu tədbirlərin təşkili planlaşdırılır.
Oxu.Az həmin tədbirlərdən bəzilərinin siyahısını təqdim edir:
Beynəlxalq tədbirlər silsiləsinə 13-cü Qlobal Bakı Forumu ilə start veriləcək. 12-14 mart 2026-cı il tarixlərində keçiriləcək forum ənənəvi olaraq dünya siyasətinin aparıcı simalarını, beynəlxalq təşkilatların rəhbərlərini, sabiq dövlət və hökumət başçılarını, tanınmış ekspertləri bir araya gətirəcək. Forum qlobal təhlükəsizlik, geosiyasi çağırışlar, dayanıqlı inkişaf və beynəlxalq əməkdaşlıq mövzularına həsr olunacaq.
Aprel ayında Azərbaycan növbəti dəfə mədəniyyətlərarası dialoq platformasına çevriləcək. 7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif ölkələrdən dövlət nümayəndələrini, alimləri, mədəniyyət xadimlərini və beynəlxalq təşkilatların təmsilçilərini bir araya gətirəcək. Forum tolerantlıq, multikulturalizm və mədəni müxtəlifliyin qorunması mövzularında qlobal müzakirələr üçün mühüm platforma rolunu oynayacaq.
2026-cı ildə Bakı eyni zamanda regionun aparıcı turizm tədbirlərindən biri olan "Azerbaijan International Travel & Tourism Fair" (AITF 2026) sərgisinə də ev sahibliyi edəcək. Aprelin 8-10-da keçiriləcək sərgidə beynəlxalq turizm şirkətləri, hotellər, aviaşirkətlər və turizm agentlikləri iştirak edəcək.
Eyni ay ərzində Bakı daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi edəcək. BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) 82-ci sessiyası 20-24 aprel 2026-cı il tarixlərində keçiriləcək. Sessiyada region ölkələrinin sosial-iqtisadi inkişafı, dayanıqlı iqtisadiyyat, iqlim dəyişiklikləri və regional əməkdaşlıq məsələləri müzakirə olunacaq.
May ayında isə Azərbaycan qlobal şəhərsalma gündəliyinin əsas mərkəzlərindən birinə çevriləcək. 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) 17-22 may 2026-cı il tarixlərində təşkil olunacaq. BMT-nin İnsan Məskənləri Proqramının (UN-Habitat) təşəbbüsü ilə keçirilən bu forum şəhərlərin dayanıqlı inkişafı, urbanizasiya, ağıllı şəhərlər və yaşayış mühitinin yaxşılaşdırılması mövzularına həsr ediləcək.
İlin ən önəmli tədbirlərindən biri "SportAccord World Sport & Business Summit 2026" olacaq. 24-28 may tarixlərində Bakıda keçiriləcək sammit dünya idman sənayesinin ən nüfuzlu platformalarından hesab olunur. Tədbirdə Beynəlxalq Olimpiya Komitəsi, 120-dən çox beynəlxalq idman federasiyası, iri idman təşkilatları və biznes nümayəndələri iştirak edəcək. Sammit çərçivəsində konfranslar, panel müzakirələri, sərgilər və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.
İlin ikinci yarısında isə Azərbaycanın regional təhlükəsizlik və əməkdaşlıq sahəsində rolunu önə çıxaran mühüm tədbir baş tutacaq. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) Zirvə toplantısının payız aylarında Azərbaycanda keçirilməsi planlaşdırılır. Zirvə toplantısı Asiya regionunda təhlükəsizliyin möhkəmləndirilməsi, etimadın artırılması və siyasi dialoqun dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
İdman sahəsində də 2026-cı il olduqca zəngin proqramla yadda qalacaq. İl ərzində Bakıda və regionlarda bir sıra beynəlxalq yarışların keçirilməsi planlaşdırılır. Bunlara cüdo üzrə dünya çempionatı, güləş üzrə U17 dünya çempionatı, sumo üzrə dünya çempionatı, şahmat üzrə "Baku Open" beynəlxalq festivalı, avarçəkmə və yelkən idmanı üzrə beynəlxalq regatalar, eləcə də "Formula-1 Azərbaycan Qran-Prisi 2026" daxildir.
Bununla yanaşı, Şuşa şəhərinin 2026-cı il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı elan edilməsi də il ərzində beynəlxalq səviyyəli mədəni və turizm tədbirlərinin keçirilməsinə imkan yaradacaq. Bu status çərçivəsində Şuşada müxtəlif forumlar, festivallar və beynəlxalq görüşlərin təşkili gözlənilir.