Medianews.az
Siyasi sui-qəsdlər fövqəldövləti hara aparır? -
2,693 baxış

Siyasi sui-qəsdlər fövqəldövləti hara aparır? - Amerikada yaşayan azərbaycanlı politoloqun açıqlaması

ABŞ Prezidenti Donald Trampın qatı tərəfdarlarından olan respublikaçı siyasətçi, mühafizəkar fəal Çarli Kirk qətlə yetirildi. Bu qətlin motivlərini necə izah etmək olar? Çarli Kirkin öldürülməsi ABŞ-nin daxili və xarici siyasətində hansısa dəyişikliklərə səbəb ola bilərmi?

Mövzu ilə bağlı Medianews.az ABŞ-də yaşayan politoloq Ərəstun Orucluya müraciət edib.

Ə.Oruclu bildirib ki, Çarli Kirkin qətli Amerika siyasətində artıq sözdən əmələ keçən zorakılığın artmasının əlamətidir: “Bir neçə ay əvvəl Minnesota ştatında yerli qanunverici orqanın iki nümayəndəsinə sui-qəsd olmuşdu. Ondan əvvəl isə, keçən ilin sonunda seçki kamaniyasında Donald Trampın özünə qarşı sui-qəsdə cəhd edilmişdi. Bu artıq göstərir ki, Amerika siyasətində qütbləşmə sözdən əmələ, həm də radikal əmələ keçir. Bu qütbləşmənin başlıca səbəbkarlarından biri Trampdır. Çünki onun niqtlərinin çoxu nifrət nitiqidir. O, qarşı tərəfə münasibətdə çox barışmaz mövqe tutur. Rəqiblərini nədə gəldi ittiham edir və heç bir ifadəsinə görə məsuliyyət duymur. Bu da istər-istəməz cəmiyyətdə qütbləşməni, parçalanmanı dərinləşdirir”.

Politoloq vurğulayıb ki, amerikalılar dünyanın ən silahlanmış xalqlarındandır: “Müxtəlif statistik rəqəmlərə görə, ABŞ-də əhali sayından çox silah sayı var. 340 milyon əhalinin isə içində, təbii ki, ən müxtəlif psixikaya malik insanlar var.  Müxtəlif psixika dedikdə mən həm qəzəb, şiddət, nifrət tərəfdarı olanları, həm də psixi poblemləri olanları nəzərdə tuturam. Təkcə bu il ərzində Amerikada 300-dən artıq silahlı insident olub. Bu statistika ilbəil artmaqdadır. Belə olan halda da təbii ki, ictimai, siyasi fəallara, jurnalistlərə, siyasətçilərə də sui-qəsdlər ola bilər. Bunlar siyasi motivli sui-qəsdlərdir. Ona görə də daha təhlükəlidir.

Belə hadisələr ABŞ-nin daxili siyasətinə necə təsir göstərəcək? Təbii ki, ölkə bir az da qütbləşəcək. Demokratlar və respublikaçılar bir-birinə qarşı indikindən də sərt ritorikaya keçəcəklər. Artıq Trampa yaxın media buna başlayıb. Trampın özü də dünənki müraciətində yenə solçu medianı hədəfə aldı. O, solçu dedikdə demokratları nəzərdə tutur. Belə bir şəraitdə əlbəttə ki, ABŞ-nin daxili siyasətində gərginlik artacaq. Daxildəki gərginlik isə öz növbəsində istər-istəməz xarici siyasətə təsir edəcək. Daxildən diqqəti yayındırmaq üçün xarici siyasətdə daha populist, deməli, həm də daha yanlış addımlar atılacaq. Tramp həmişə daxildəki problemləri ört-basdıq etmək üçün xaricdə problemlər yaradır”.

Nailə Qasımova, 
Medianews.az

Bizə qoşulun