Alkoqol və siqaretin eyni vaxtda istifadəsi sağlamlıq üçün ciddi təhlükə yaradır.
Medianews.az xəbər verir ki, bu barədə nevroloq Əli İsmayılov danışıb.
Onun sözlərinə görə, alkoqol və siqaret birlikdə istifadə edildikdə orqanizmə düşən zərər ikiqat artır və bu, ürək-damar sisteminə ağır yük yaradır.
Həkim bildirib ki, alkoqol qan təzyiqinə, ürək ritminə, sinir sisteminə və maddələr mübadiləsinə təsir göstərdiyi halda, siqaret damarların daralmasına, qanın oksigenlə təminatının zəifləməsinə və ürəyin daha çox işləməsinə səbəb olur.
Mütəxəssisin sözlərinə görə, bu vərdişlərin birgə istifadəsi hipertoniya, ürək ritm pozğunluğu, infarkt və insult riskini əhəmiyyətli dərəcədə artırır. Bundan əlavə, alkoqolun selikli qişaları zədələməsi tütün tüstüsündəki kanserogen maddələrin təsirini gücləndirir və ağız boşluğu, qırtlaq, udlaq və qida borusu xərçəngi riskini yüksəldir.
Əli İsmayılov xüsusilə yüksək təzyiq, aritmiya, qaraciyər, ağciyər və mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkən şəxslərin, eləcə də infarkt və ya insult keçirmiş insanların bu risklərə qarşı daha həssas olduqlarını vurğulayıb.
Medianews.az