Çində 55 gün komada olan səkkiz yaşlı məktəbli sinif yoldaşları sayəsində özünə gəlib.
Medianews.az xəbər verir ki, hadisə Hunan əyalətində baş verib.
Ötən ilin noyabr ayında baş verən dəhşətli avtomobil qəzasından sonra həkimlər oğlanın sağalma şansını minimal hesab ediblər. Oğlan ağır beyin və ağciyər zədəsi alıb və komaya düşüb. Həkimlərin pessimist proqnozuna baxmayaraq, anası təslim olmayıb.
Tanış səslərin beynin müəyyən sahələrini stimullaşdıra biləcəyini qeyd edən bir həkimin məsləhəti ilə o, oğluna hər gün məktəb musiqisi və dərs yazıları səsləndirməyə başlayıb. Eyni zamanda, uşağın sinif müəllimi könüllü olaraq kömək edib: o, oğlanın dostlarının həvəsləndirici sözlər deməsinin videoyazısını təşkil edib.
İlk ümid parıltısı 45-ci gündə, oğlan müəllimin səsinə reaksiya verəndə - göz qapaqları titrəyəndə olub. Bir neçə gün sonra o, hətta gülümsəyib. 55-ci gündə uşaq, sinif yoldaşlarının onu futbol oynamağa və imtahanlara hazırlaşmağa çağıran başqa bir videosunu dinləyərkən tamamilə özünə gəlib və qolunu tərpədib.
Uşağın anası daha sonra oğluna kömək edən hər kəsə dərin minnətdarlığını bildirərək "Nəhayət ki, buludların arxasından günəşi gördüm. Həqiqətən də möcüzə baş verdi" deyib.
Medianews.az