Medianews.az
Cəlilabad faciəsi - Psixoloqdan xəbərdarlıq:
278 baxış

Cəlilabad faciəsi - Psixoloqdan xəbərdarlıq: Zorakılıq əvvəldən özünü göstərir

Dünən Cəlilabad rayonunda ailə faciəsi baş verib. 14 və 15 yaşlı yeniyetmələr baltalanıb. Hadisəni törətməkdə onların əmisi şübhəli bilinir. Yeniyetmələrdən biri dünyasını dəyişib. Zərərçəkənlərin qohumlarının dediklərinə görə, uşaqlara xəsarət yetirən əmi içki aludəçisi olub. Hadisə vaxtı da içkili olduğu deyilir. Həmçinin onun həbsdən yeni çıxdığı bildirilir.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov Medianews.az-a açıqlamasında vurğulayıb ki, bu cür hadisələr tək bir ailə, bir nəsil üçün deyil, bütövlükdə cəmiyyət üçün son dərəcə ağır və sarsıdıcıdır.

Psixoloqun sözlərinə görə, burada həm fərdi psixoloji faktorlar, həm də uzun müddət yığılıb qalan sosial və davranış riskləri üst-üstə düşür: “Məsələyə emosional yox, elmi-psixoloji prizmadan yanaşmaq vacibdir ki, oxşar faciələrin qarşısı gələcəkdə alına bilsin. Alkoqol asılılığı insan davranışına çoxqatlı və dərin təsir göstərir. Alkoqol beyinin ön paylarında yerləşən özünənəzarət, məsuliyyət və empatiya mexanizmlərini zəiflədir. İnsan içkili vəziyyətdə impulslarını cilovlaya bilmir, riskləri düzgün qiymətləndirmir və aqressiv reaksiyalar daha sürətlə ortaya çıxır.

Xüsusilə uzunmüddətli alkoqol asılılığı zamanı şəxsiyyət dəyişiklikləri baş verir: səbirsizlik, emosional kobudlaşma, şəkkaklılq, qəzəb partlayışları və zorakı davranışa meyl artır. Bu zaman zorakılıq təsadüfi deyil, psixoloji baxımdan proqnozlaşdırıla bilən bir nəticəyə çevrilir.

Belə faciəvi hadisələr adətən təkcə alkoqol amili ilə izah olunmur. Çox vaxt burada antisosial davranış xüsusiyyətləri, impulsivlik, keçmişdə zorakı davranış tarixi, həbsxana təcrübəsi, emosional tənzimləmə problemləri, şəxsiyyət pozuntuları və ağır stress faktorları birgə rol oynayır. Alkoqol bu riskləri “işə salan” katalizator funksiyasını yerinə yetirir. Yəni problem yalnız içki deyil, içkinin təsir etdiyi psixoloji strukturdur.

Təhlükə yaratmazdan əvvəl bu tip şəxslər adətən müəyyən davranış siqnalları verirlər. Davranışda qəfil dəyişikliklər, aqressiv zarafatlar, tez-tez qəzəblənmə, ailə üzvlərinə qarşı hədə və qorxutma, əvvəlki zorakı epizodların “normallaşdırılması”, spirtli içki qəbul etdikdən sonra nəzarətsiz davranış, məsuliyyətdən yayınma və “hamı mənə qarşıdır” tipli düşüncələr bu siqnallar sırasındadır. Təəssüf ki, ailə və yaxın çevrə bu əlamətləri çox zaman “keçici hal”, “içkinin təsiri” kimi qiymətləndirir və vaxtında müdaxilə olunmur”.

Elnur Rüstəmov qeyd edib ki, cəmiyyət səviyyəsində profilaktika yalnız hüquqi cəza mexanizmləri ilə məhdudlaşmamalıdır: “Risk qrupuna daxil olan şəxslər üçün erkən psixoloji qiymətləndirmə, məcburi reabilitasiya proqramları, alkoqol asılılığı ilə mübarizə mərkəzlərinin real işlək mexanizmə çevrilməsi, ailə həkimi–psixoloq–sosial xidmətlər arasında koordinasiya vacibdir. Xüsusilə zorakı davranış tarixi olan və alkoqol asılılığı yaşayan şəxslər nəzarətsiz buraxılmamalı, onların davranış riski sistemli şəkildə izlənməlidir.

Cəmiyyətin maarifləndirilməsi də mühüm rol oynayır: insanlar bilməlidirlər ki, bu cür davranış siqnallarına göz yummaq gələcəkdə faciəyə səbəb ola bilər.

Fiziki zorakılığa məruz qalan yeniyetmələrin psixoloji reabilitasiyası isə mərhələli və uzunmüddətli prosesdir. Bu uşaqlarda yalnız fiziki travma deyil, dərin psixoloji sarsıntı, təhlükəsizlik hissinin itməsi, güvən pozuntusu, travma sonrası stress əlamətləri və günahkarlıq hissi formalaşa bilər.

Reabilitasiya prosesi ilk növbədə təhlükəsiz mühitin təmin olunması ilə başlamalıdır. Uşaq özünü qorunan və dinlənilən hiss etməlidir. Daha sonra travma yönümlü psixoterapiya, emosiyaların ifadəsinə şərait yaradan üsullar, ailə ilə paralel psixoloji iş və uzunmüddətli müşahidə vacibdir. Xüsusilə yeniyetmə yaş dövründə baş verən zorakılıq hadisələri gələcək şəxsiyyət formalaşmasına ciddi təsir göstərdiyi üçün bu uşaqların “unutması” yox, “sağlam şəkildə emal etməsi” əsas hədəf olmalıdır”.

Elnur Rüstəmovun sözlərinə görə, bu cür faciələr bizə bir daha göstərir ki, zorakılıq birdən-birə yaranmır: “Onun psixoloji kökləri, davranış siqnalları və qarşısı alına bilən mərhələləri var. Vaxtında psixoloji müdaxilə, məsuliyyətli ictimai mövqe və sistemli yanaşma bu kimi ağır itkilərin qarşısını almağın yeganə yoludur”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun