Medianews.az
"Üzeyir Mehdizadənin səsi Polad Bülbüloğlu və Oqtay Ağayevin səsinə bənzəyir"
148 baxış

"Üzeyir Mehdizadənin səsi Polad Bülbüloğlu və Oqtay Ağayevin səsinə bənzəyir"

Müğənni Roza Zərgərli verdiyi açıqlama ilə diqqət mərkəzinə düşüb.

O, həmkarı Üzeyir Mehdizadəni sərt şəkildə tənqid edənlərə cavab verib və onun sənətini yüksək qiymətləndirib.

Roza Zərgərli bildirib ki, Üzeyir Mehdizadənin səs tembri və boğaz ahəngi Azərbaycanın Xalq artisti Polad Bülbüloğlu və Oqtay Ağayevin səsinə bənzəyir. Onun sözlərinə görə, Üzeyiri "ara müğənnisi" adlandıranlar əvvəlcə onun ifalarına diqqətlə qulaq asmalıdırlar.

Müğənni qeyd edib ki, Üzeyir Mehdizadə son dərəcə mədəni, aristokrat davranışlı və səmimi insandır, yaxşı musiqilər ifa edir və öz səs tembrində oxuduğu mahnıları dünya səviyyəsinə çıxarmağı bacarıb. Roza Zərgərli vurğulayıb ki, Üzeyirə daha çox dəstək verilsəydi, Azərbaycanın bu gün dünyada tanınan ən azı iki məşhur müğənnidən biri ola bilərdi.

Sənətçi əlavə edib ki, xarici ölkələrdə, o cümlədən bir çox Avropa ölkələrində və hətta Cənubi Koreyada belə Üzeyir Mehdizadəni tanıyır və sevirlər. Onun fikrincə, Üzeyirin tənqid olunmasının əsas səbəbi paxıllıqdır:

"Onu bəzən "qıjı"' kimi təqdim edirlər, amma əslində Üzeyir bir çoxlarından üstündür", - deyə Roza Zərgərli bildirib.

Açıqlamasında müğənni Üzeyir Mehdizadənin geyim tərzini, davranışını, ailəsinə və qadınlara göstərdiyi hörməti də xüsusi vurğulayıb. Roza Zərgərli sonda qeyd edib ki, cəmiyyət olaraq belə sənətçiləri tənqid etmək əvəzinə, onun kimi layiqli oğullarla qürur duymaq lazımdır.

Roza Zərgərlinin bu fikirləri sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub./Milli.az/

Bizə qoşulun