ABŞ–İsrail və İran arasında müharibə davam etdiyi bir vaxtda ABŞ prezidenti Donald Trumpın ərəb liderləri, xüsusilə də Məhəmməd bin Salman ilə mütəmadi əlaqə saxladığı deyilir.
Medianews.az xəbər verir ki, bu məlumatı Ağ ev təsdiqləyib.
Rəsmilərin məlumatına görə, danışıqlarda müharibənin gedişi, İranın hərbi potensialı və regional təhlükəsizlik məsələləri müzakirə olunur. Bildirilir ki, Səudiyyə vəliəhdi Vaşinqtona İran üzərində hərbi təzyiqin davam etdirilməsini tövsiyə edib. Bu yanaşma mərhum kral Abdullah bin Əbdüləziz Əl Səudin vaxtilə ABŞ rəhbərliyinə ünvanladığı və “İlanın başını kəsin” ifadəsi ilə yadda qalan çağırışı xatırladır.
Münaqişə regiona yayılır
Fevralın 28-də başlayan hücumlardan sonra İran ilə ABŞ–İsrail qarşıdurması regional böhrana çevrilib. İranın cavab zərbələri çərçivəsində Səudiyyə Ərəbistanı da hədəfə alınan ölkələrdən biri olub. İranın pilotsuz uçuş aparatları və qanadlı raketlərinin paytaxt Riyad və ölkənin şərqindəki bəzi neft obyektlərinə yönəldiyi, hava hücumundan müdafiə sistemlərinin isə hücumların bir qismini zərərsizləşdirdiyi bildirilib.
Hücumlar nəticəsində bəzi enerji obyektlərinə ziyan dəyib, bir neçə mülki şəxs həyatını itirib. ABŞ hərbçilərinin yerləşdiyi bəzi hərbi məntəqələrin də hədəfə alındığı qeyd olunur.
Riyad: Özümüzü müdafiə edəcəyik
Səudiyyə hakimiyyəti İranı regiondakı hücumlara görə məsuliyyət daşımaqda ittiham edib və ölkənin özünümüdafiə hüququna malik olduğunu bəyan edib. Riyad həmçinin İranın hava limanları və enerji infrastrukturlarını hədəfə alan hücumlarının regional təhlükəsizliyə ciddi təhdid yaratdığını bildirib.
Rəsmi açıqlamalarda Səudiyyə Ərəbistanının müharibədə birbaşa hücum rolunda iştirak etmədiyi, lakin hava məkanı və enerji obyektlərinin qorunması üçün müdafiə tədbirlərini gücləndirdiyi vurğulanıb.
Neft bazarında gərginlik
Müharibə enerji bazarlarına da təsir göstərib. İranın Hörmüz boğazını bağlama ehtimalı və bölgədəki hücumlar səbəbindən neft qiymətləri yüksəlib. Səudiyyə neft şirkəti Saudi Aramco isə qlobal enerji bazarında “fəlakətli nəticələr” yarana biləcəyi barədə xəbərdarlıq edib.
Ekspertlər hesab edir ki, Vaşinqtonla Riyad arasında sıx koordinasiya müharibənin gələcək gedişinə ciddi təsir göstərə bilər.
Medianews.az