Medianews.az
Sesk Fabreqasdan sərt qadağa:
113 baxış

Sesk Fabreqasdan sərt qadağa: Uşaqlarına niyə telefon almır?

İtaliyanın "Komo" klubuna rəhbərlik edən Sesk Fabreqas ailə daxilində qoyduğu sərt qadağa ilə gündəmə gəlib.

Medianews.az xəbər verir ki, məşhur ispaniyalı mütəxəssis "Corriere della Sera" nəşrinə verdiyi müsahibəsində uşaqların smartfon və sosial şəbəkə asılılığı məsələsinə toxunub.

Keçmiş ulduz futbolçu müasir dövrdə azyaşlıların asudə vaxtının böyük hissəsinin "iPad", smartfon və sosial platformalar tərəfindən adətən "işğal edildiyini" vurğulayıb. O qeyd edib ki, bu tendensiya uşaqları həm real həyatdan qoparır, həm də onlarda ciddi diqqət dağınıqlığına səbəb olur.

Fabreqas 13 yaşlı qızına hələ də şəxsi telefon almadığını açıqlayıb. O, övladının sinifdə smartfonsuz yeganə şagird olduğunu diqqətə çatdırıb:

"Qızım bu vəziyyətə görə əsəbiləşir, ancaq mən mövqeyimi dəyişmirəm. 16-17 yaşına çatana qədər onun telefonu olmayacaq. Nə "Instagram", nə "X", nə də digər platformalar. Mən sadəcə onun yeniyetməlik dövrünü qorumaq istəyirəm".

İspaniyalı məşqçi uşaqların texnologiyadan tam təcrid olunmasının tərəfdarı olmadığını, lakin bu vasitələrdən şüurlu şəkildə istifadənin vacibliyini qeyd edib. Fabreqas hesab edir ki, telefon uşağın həyatındakı dəyərli vaxtı "yeməməli", əksinə, nəzarət altında saxlanılan faydalı bir alətə çevrilməlidir.

Öz uşaqlıq xatirələrini də bölüşən mütəxəssis, yay aylarında nənə-babasının evində qalarkən gününün əsas hissəsini küçədə futbol oynamaqla keçirdiyini xatırladıb. Onun sözlərinə görə, həmin dövr uşaqlara əsl azadlıq, yaradıcılıq və sevinc bəxş edirdi.

Baş məşqçi müşahidələrinə əsaslanaraq bildirib ki, hazırda bəzi gənc futbolçular diqqətlərini uzun müddət bir mövzu üzərində cəmləyə bilmir, buraxdıqları səhvlərə həddindən artıq emosional reaksiya verir və smartfonlardan asılı vəziyyətdə yaşayırlar.

Sosial şəbəkələrin futbol dünyasına mənfi təsirindən də şikayətlənən Fabreqas, bu platformalarda artıq oyunun özünün deyil, sərt tənqidlərin və təhqirlərin ön plana çıxdığını diqqətə çatdırıb:

"Sosial şəbəkələr dayanmadan hər şeyi və hər kəsi ləkələməyə xidmət edir. İnsanlar artıq futboldan danışmır, sadəcə təhqir yağdırırlar. Yalnız bir pis matç kifayətdir ki, səni heç kim hesab etsinlər. Hər şey həddindən artıq sürətli və qəddardır".//Oxu.Az

Bizə qoşulun