Medianews.az
Britaniyanın müdafiə naziri özünü
100 baxış

Britaniyanın müdafiə naziri özünü səfeh adlandırdı

Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq həbsxanalardan azad edilmiş cinayətkarlarla bağlı etdiyi zarafata görə üzr istəyib.

Bu barədə Böyük Britaniya mediası məlumat yayıb.

İyulun 21-də "Guido Fawkes" portalı Stritinqin ədliyyə naziri Aleks Norris və daxili işlər naziri Şabana Mahmudla söhbətinin videogörüntüsünü yayımlayıb. Həmin dialoq Dauninq-stritdə, ölkənin Baş naziri Endi Börnhemin rəhbərlik etdiyi yeni Nazirlər Kabinetinin ilk iclasından əvvəl baş tutub. Söhbət əsnasında müdafiə naziri zarafatla bildirib ki, Mahmud artıq Norrisi özünə düşmən hesab etməlidir, çünki Ədliyyə Nazirliyi həbsxanaların dolub-daşması səbəbindən DİN-in maraqlarına zidd olaraq məhbusların vaxtından əvvəl azadlığa buraxılması proqramını həyata keçirir.

Hökumətin bu planının Britaniya cəmiyyətində populyar olmadığını nəzərə alsaq, həmin ifadələr sosial şəbəkələrdə böyük hiddət və etiraz dalğasına səbəb olub.

Stritinq "X" sosial şəbəkəsində məsələyə belə reaksiya verib:

"Ümid edirəm, hər kəs görə bilər ki, yeni ədliyyə naziri ilə bağlı bu zarafatda heç bir pis niyyət olmayıb. Lakin mən bunun çox ciddi bir mövzu olduğunu qəbul edirəm və bu səfehliyin səbəb olduğu qəsdsiz incikliyə görə üzr istəyirəm".

Qeyd edək ki, 2024-cü ilin sentyabrından Böyük Britaniyada həbsxanaların doluluğu problemi ilə əlaqədar cəza müddətinin 40%-ni çəkmiş məhkumların mərhələli şəkildə azad edilməsini nəzərdə tutan proqram fəaliyyətə başlayıb. 2025-ci ilin oktyabr ayına olan məlumata görə, təxminən 40 min nəfər bu sxem əsasında sərbəst buraxılıb. Britaniya rəsmiləri əvvəllər vurğulamışdılar ki, sözügedən layihə ciddi zorakılıq və cinsi xarakterli cinayətlərə görə dörd ildən artıq müddətə azadlıqdan məhrum edilmiş şəxslərə şamil olunmayacaq. Ədliyyə Nazirliyinin məlumatına əsasən, ölkədə cəzaçəkmə müəssisələri demək olar ki, 98% yüklənib./ oxu.az

Bizə qoşulun