Medianews.az
Şəhidlər xiyabanlarının hüquqi statusu olmalıdırmı? –
1,505 baxış

Şəhidlər xiyabanlarının hüquqi statusu olmalıdırmı? – AÇIQLAMA + EKSKLÜZİV

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Medianews.az-a deyib ki, Şəhidlər xiyabanlarının hüquqi statusunun müəyyənləşdirilməsi üçün qanun layihəsi hazırlayıb parlamentə təqdim etmək niyyətindədir.

2001-ci ildən Milli Məclisin deputatı olan Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinə də sədrlik edir. Bu qurum ictimai fikrin öyrənilməsi, sosial tədqiqatlar aparılması, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrinin dövlət orqanlarına təqdim edilməsi üzrə ixtisaslaşıb.

Şəhidlər xiyabanları haqqında ayrıca qanun qəbul edilməsi təklifini Zahid Oruc ilk dəfə Milli Məclisin sentyabrın 30-da keçirilən iclasında səsləndirib.

Oktyabrın 8-də Medianews.az-a açıqlamasında Zahid Oruc vurğulayıb ki, təklif dövlət hakimiyyəti orqanlarında, yaxud parlamentdə və ya digər sferalarda gedən hansısa prosesi deyil, birbaşa onun öz mövqeyini ifadə edir, planlaşdırdığı layihə də bir deputat kimi fərdi təşəbbüsünün nəticəsi olacaq.

“Qanunvericilik təşəbbüsü ilə çıxış etmək deputatın həm hüququ, həm də vəzifəsidir” deyən Zahid Oruc bildirib ki, bu baxımdan onun təklifinə müxtəlif siyasi mənalar verən qüvvələrin prosesi fərqli istiqamətdə şərh etməsini, başqa nəticələr çıxarmasını ciddi yanlışlıq sayır.

Bakıdakı İkinci Şəhidlər xiyabanının Hərbi Memorial Məzarlıq adlandırıldığını yada salan Zahid Oruc qeyd edib ki, bu həm mənəvi, həm də hüquqi məsələdir.

Bir çox ölkədə milli yaddaş məkanı sayılan yerlər, xüsusilə müharibədə həlak olanların uyuduğu məzarlıqlar haqqında qanunvericilik aktlarının olduğunu söyləyən Zahid Oruc deyib: “Bizim Şəhidlər xiyabanlarımız Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canını fəda edən insanların xatirə məkanıdır. Mənim təklifim iki Qarabağ savaşında və aralıq dövrlərdə həyatını millətimizə fəda edən şəhidlərimizin müqəddəs ruhunu uca tutmağa xidmət edir. Təklifi bu mövqedən irəli sürmüşəm”.

Avqust ayında Azərbaycana turist kimi gəlmiş üç əcnəbi paytaxtımızın Şəhidlər xiyabanında nalayiq hərəkətlər etmiş, bunu videoya çəkərək sosial şəbəkədə yaymışdılar. Həmin əcnəbilər saxlanaraq istintaqa cəlb edildi, Səbail Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs olundular. Onlar Cinayət Məcəlləsinin 245-ci maddəsi (Qəbir üzərində təhqiredici hərəkət) ilə ittiham edilirlər.

Medianews.az-a açıqlamasında həmin hadisəni xatırladan Zahid Oruc bildirib: “Onların nalayiq davranışı haqlı olaraq millətimizin heysiyyətinə toxundu. Cəmiyyətdə çox kəskin etirazlar oldu və hüquq mühafizə orqanları da lazımi tədbirləri gördü. O hadisə az qala ictimai rəyi bizimlə yaxşı münasibətlərdə olan bir dövlətin əleyhinə yönəldəcəkdi. İndi söhbət üç-dörd nəfərdən ötrü qanun qəbul etməkdən getmir. Məsələyə kompleks şəkildə yanaşmalıyıq. Şəhidlər xiyabanlarının hüquqi statusunun, belə məkanların ziyarət olunması qaydalarının müəyyənləşdirilməsi yalnız cəmiyyətimizə, dövlətimizə fayda verə, istənilən sui-istifadənin qarşısını ala bilər. Belə məsələləri yalnız mənəviyyat kateqoriyasında saxlamaq, yaxud ayrı-ayrı qanunların hansısa maddələrinin bu cür məsələləri tənzimlədiyini düşünüb heç bir hüquqi dəyişikliyə təşəbbüs göstərməmək doğru deyil.

Sentyabrın 30-da Milli Məclisdə dediyim kimi, qanun şəhidlərin xatirəsinin qorunması, ictimai davranış qaydaları, memarlıq və abadlıq tələbləri, ziyarət mədəniyyəti və protokolları, elektron bələdçilik və təhlükəsizlik tədbirlərini əhatə edə bilər. Lakin bir daha təəssüflə qeyd edirəm ki, şəhidlərin xatirəsini istismar edən, milli yaddaş məkanlarını belə siyasi tribunaya, mitinq meydanına çevirən qüvvələr var. Şəhidlərin siyasi mübarizəyə, protest tədbirlərinə alət edilməsi, onların adlarının, xatirələrinin dövlət, millət əleyhinə manipulyasiya olunması, belə bir müqəddəs mövzuda ictimai qütbləşmə yaradılması, cəmiyyətə çox mənfi mesajlar ötürməyə cəhdlər göstərilməsi yolverilməzdir.

Parlament iclasında dediyim kimi, “işğal partiyası”nın təmsilçiləri, təəssüflər olsun ki, məhz bu cür davranırlar. 2020-ci ilin Vətən müharibəsinədək iqtidarı torpaqların azad olunmamasında günahlandıran, sonrakı 3 ildə isə Qarabağın qalan hissəsinin azad edilməməsini bəhanə gətirib nifrinlər yağdıran, 2023-cü ilin antiterror əməliyyatından – bütün rayon və şəhərlərimiz azad ediləndən sonra isə ortaya cəfəng, avantürist arqumentlər atmaqda davam edən “işğal partiyası”nın nümayəndələri indi onu da iddia edirlər ki, guya Şəhidlər xiyabanlarının hüquqi statusunun müəyyənləşdirilməsi xiyabanlara girişə imkan verilməməsi demək olacaq. Axı hansı hakimiyyət, özü də əsrlərin qələbəsini qazanmış bir hakimiyyət Şəhidlər xiyabanını insanların üzünə bağlayar?! Bu nə cəfəngiyatdır?!

Hökumət kütləvi toplaşma hüququna əsaslanaraq müxtəlif ərazilərdə mitinqlər üçün yerlər ayırıb. Şəhidlər xiyabanı mitinq meydanı deyil. Heç dünyada görmüsünüzmü ki, kimsə xiyabanların içində mitinq keçirsin, kampaniya aparsın? Belə nümunə yoxdur. Bu, təəssüf ki, bizim Azərbaycanda bəzi qüvvələrdə daima müşahidə etdiyimiz antixalq düşüncəsinin təzahürüdür.

Mən təklif etdiyim layihənin hazırlığı üzərindəyəm. Əlbəttə ki, bunu Milli Məclis rəhbərliyinə təqdim etməyə çalışacam. Xüsusi olaraq vurğulayıram ki, bu, subyektiv olaraq yalnız Zahid Orucun, yəni mənim təşəbbüsümdür”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun