Medianews.az
Şəhərlərdə məişət tullantılarının həcmi sürətlə artır –
79 baxış

Şəhərlərdə məişət tullantılarının həcmi sürətlə artır – Ekoloqdan VACİB AÇIQLAMA

Şəhər və regionlarda artan məişət tullantılarının həcmi ekoloji tarazlığa və ətraf mühitin sağlamlığına ciddi təsir göstərməkdə davam edir. Təkrar emal və tullantıların düzgün çeşidlənməsi istiqamətində həyata keçirilən tədbirlər bu problemin azaldılmasında mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, əhali arasında ekoloji maarifləndirmə səviyyəsi hələ də kifayət qədər aşağı olaraq qalır. Tullantıların idarə olunması sahəsində daha effektiv və davamlı sistemlərin tətbiqi nə dərəcədə mümkün hesab olunur?

Mövzu ilə bağlı Medianews.az-a açıqlamasında ekoloq Cavid Hüseynov deyib ki, şəhər və regionlarda əhalinin sayının artması və urbanizasiya prosesi məişət tullantılarının həcmini sürətlə çoxaldır.

Onun sözlərinə görə, bu artım ekoloji tarazlığa, biomüxtəlifliyə və insan sağlamlığına birbaşa təhlükə yaradır. Tullantıların ənənəvi üsullarla basdırılması və ya yandırılması problemin qarşısını almır, əksinə, torpaq, su və hava hövzələrinin çirklənməsinə yol açır:

“Qlobal təcrübə və elmi yanaşmalar göstərir ki, bu sistemlərin tətbiqi tamamilə mümkündür. Müasir texnologiyalar, düzgün iqtisadi mexanizmlər və güclü maarifləndirmə strategiyası ilə tullantı böhranını iqtisadi səmərəyə çevirmək realdır. Davamlı idarəetmənin təməli logistika və çeşidləmə proseslərinin avtomatlaşdırılmasından keçir. “Ağıllı şəhər” konsepsiyalarına uyğun olaraq tətbiq edilən sensorlu konteynerlər tullantıların doluluq səviyyəsini real vaxt rejimində ölçür. Bu məlumatlar zibil daşıyan nəqliyyat vasitələrinin marşrutunu optimallaşdıraraq yanacaq sərfiyyatını və karbon qazı emissiyasını azaldır.

Eyni zamanda, təkrar emal zavodlarında optik sensorlar və süni intellektlə təchiz olunmuş robotların tətbiqi tullantıların materialına (plastik, kağız, metal) görə sürətli və dəqiq ayrılmasını təmin edir. İnkişaf etmiş bəzi şəhərlərdə isə vakuumlu yeraltı boru sistemləri vasitəsilə tullantılar birbaşa yaşayış binalarından mərkəzi toplama məntəqələrinə ötürülür ki, bu da şəhərdə xoşagəlməz qoxuların və vizual çirklənmənin qarşısını alır”.

Ekoloq qeyd edib ki, effektiv sistemin qurulması həm də düzgün iqtisadi mexanizmlərin yaradılmasını tələb edir:

“Bu sahədə ən uğurlu beynəlxalq təcrübələrdən biri “Genişləndirilmiş İstehsalçı Məsuliyyəti”dir. Bu prinsipə əsasən, məhsul istehsal edən şirkətlər onun qablaşdırmasının gələcək utilizasiyası və təkrar emalı üçün maliyyə öhdəliyi daşıyır. Bu, şirkətləri daha ekoloji və asan parçalana bilən qablaşdırmalardan istifadə etmeyə sövq edir.

Vətəndaşlar səviyyəsində isə “Atdıqca ödə” (Pay-As-You-Throw) sistemi mühüm rol oynayır. Bu sistemdə sakinlər çeşidlədikləri təkrar emal materiallarını pulsuz təhvil verir, çeşidlənməmiş ümumi zibilin həcminə görə isə rüsum ödəyirlər. Depozit-qaytarma sistemləri isə plastik və şüşə qabların xüsusi aparatlara (fandomatlara) qaytarılması müqabilində vətəndaşlara bonus və ya nağd pul qazandıraraq prosesə kütləvi maraq oyadır”.

C.Hüseynov sonda vurğulayıb ki, hər hansı bir modern sistemin effektiv işləməsi üçün zəruri infrastruktur mövcud olmalıdır:

“Yaşayış sahələrində kağız, plastik, şüşə və qida tullantıları üçün aydın şəkildə fərqləndirilmiş rəngli çeşidləmə qutularının yerləşdirilməsi ilkin şərtdir. Lakin yalnız infrastruktur kifayət deyil, paralel olaraq əhali arasında ekoloji mədəniyyət formalaşdırılmalıdır.

Maarifləndirmə prosesi rəqəmsal alətlərlə, xüsusən də yaxınlıqdakı təkrar emal məntəqələrini göstərən mobil tətbiqlərlə dəstəklənməlidir. Ən əsası isə, ekoloji təhsil proqramları erkən yaşlardan etibarən bağça və məktəb kurikulumlarına daxil edilməlidir. Tullantıların düzgün idarə edilməsi sadəcə hüquqi öhdəlik deyil, hər bir vətəndaşın gündəlik vərdişinə çevrilməlidir”.

Oğuz Ayvaz,

Medianews.az

Bizə qoşulun