Medianews.az
Səbəbi bilinməyən ürək sıxılmaları
322 baxış

Səbəbi bilinməyən ürək sıxılmaları nə ilə əlaqəlidir?

Mütəxəssislər bildirir ki, tibbi müayinələrdə ürək və ya digər həyati orqanlarla bağlı problem aşkarlanmadığı halda yaranan ani ürək sıxılmaları panik atakdan qaynaqlana bilər.

Medianews.az xəbər verir ki, təcili yardıma müraciət edən bir çox şəxsdə aparılan EKG və analizlərin normal çıxması şikayətin psixoloji mənşəli ola biləcəyini göstərir.

Sinədə qəfil təzyiq hissi, nəfəs darlığı, bel və çənəyə yayılan ağrı əksər hallarda infarkt şübhəsi yaradır. Lakin müayinələr “təmiz” olduqda, mütəxəssislər bu vəziyyəti orqanların deyil, bədənin həddindən artıq işləyən “təhlükə siqnalı” ilə izah edirlər.

Panik atak zamanı beyində real təhlükə olmadan qorxu siqnalı yaranır və “qaç və ya mübarizə apar” mexanizmi işə düşür. Nəticədə ürək döyüntüsü sürətlənir, nəfəs səthi olur, sinə və bel əzələlərində gərginlik yaranır. Bu da güclü ürək sıxılması hissinə səbəb olur.

Mütəxəssislər vurğulayır ki, panik atak təkcə stress anlarında deyil, uzun müddət yığılan narahatlıq və yorğunluq fonunda da qəfil baş verə bilər. Bəzi hallarda güclü qorxu hissi olmadan yalnız fiziki əlamətlər ön plana çıxır ki, bu da “gizli panik atak” kimi tanınır və tez-tez ürək xəstəliyi ilə qarışdırılır.

Panik atakla infarkt arasındakı əsas fərq tibbi testlərdir: infarktda analizlərdə dəyişiklik olur, panik atakda isə nəticələr adətən normal qalır. Buna baxmayaraq, hər yeni ürək ağrısı mütləq həkim tərəfindən qiymətləndirilməlidir.

Təkrarlanan ürək sıxılmaları gündəlik həyatı məhdudlaşdırmağa başlayırsa, mütəxəssislər psixoloji dəstək almağı tövsiyə edirlər. Qeyd olunur ki, panik atak düzgün yanaşma ilə nəzarət altına alına bilən bir vəziyyətdir.

Medianews.az

 

Bizə qoşulun