ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Tehran çərşənbə axşamı saat 20:00-a qədər (Bakı vaxtilə çərşənbə günü saat 04:00) Vaşinqtonla razılığa gəlməsə, İranın körpüləri və elektrik stansiyaları məhv ediləcək. Tramp İrandakı hər bir körpünün dağıdılacağını, elektrik stansiyalarının yanacağını, partlayacağını və tam istifadəsiz hala düşəcəyini iddia edib.
Tehrandan isə belə bir cəhdin cavabsız qalmayacağı, regionun od-alova bürünəcəyi, ABŞ-nin bölgədəki mülki və hərbi obyektlərinə ağır zərbələr endiriləcəyi təhdidləri səslənir.
Ən son məlumatlar da göstərir ki, tərəflər arasında Pakistanın vasitəçiliyi ilə aparılan danışıqlar nəticə vermir.
Trampın ultimatumunda göstərilən vaxt başa çatandan sonra bölgədə nələr baş verəcək? Sabah İranı nə gözləyir?

Mövzu ilə bağlı Medianews.az-a danışan hərbi ekspert Səxavət Məmməd bildirib ki, Donald Trump artıq neçənci dəfədir İrana vaxt verir. Onun sözlərinə görə, Tramp verdiyi vaxtlar ərzində indiyədək heç nə əldə etməyib: “Hətta İranda təyyarəsi vurulandan sonra katapult etmiş pilotların xilasetmə əməliyyatını belə Amerika cəmiyyəti normal qarşılamadı və bu əməliyyat ciddi şəkildə tənqid olundu. Faktiki olaraq Tramp çətin vəziyyətdə qalıb. Çünki İrana nə qədər zərbələr endirilsə də, Tehran Hörmüz boğazını açmır və açmayacağını da bildirir. Tramp da görür ki, istər İranın atom elektrik stansiyalarına, istərsə də neftayırma zavodlarına zərbələr endirilsə belə İran müqavimət göstərir və müharibəni davam etdirir”.
Ekspert qeyd edib ki, bu təhdidlərə cavab olaraq İran tərəfi Küveyti, Səudiyyə Ərəbistanını və Bəhreyni açıq şəkildə hədəf ala biləcəyini göstərib: “Ona görə də Amerika tərəfi İsraillə birlikdə atom elektrik stansiyalarına, neftayırma zavodlarına, qaz müəssisələrinə və dəmir yollarına zərbələr endirə bilər. Körpülərə onsuz da zərbələr endirilib. Amma bunun nəticəni dəyişəcəyini düşünmürəm.
Bütün dünya ABŞ-nin endirəcəyi zərbələrin hansı formada olacağını təxmin edir. Yalnız bir məsələ müzakirə olunur ki, nüvə silahından istifadə edilə bilərmi? Əslində, Amerikanın bu cür zərbələri region üçün çox ağır problemlər yarada bilər, xüsusilə də atom sahəsində. Atom elektrik stansiyalarına endirilən zərbələr regionda ciddi fəsadlara səbəb ola bilər və bizim regiona da təsir göstərə bilər. Ona görə düşünürəm ki, Trampın təhdidlərinə cavab olaraq İran tərəfi də tədbirlər görəcək. Bir sözlə, zərbələrdən sonra belə Trampın tələblərinin yerinə yetiriləcəyini gözləmirəm”.
Nailə Qasımova,
Medianews.az