Hörmüz boğazında Səudiyyə Ərəbistanının bayrağı altında üzən neft tankeri digər gəmi ilə toqquşaraq zədələnib.Hadisə Oman sahilləri yaxınlığında baş verib.
Bu barədə "Reuters" dəniz təhlükəsizliyi sahəsindəki mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, neft tankeri mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan digər tanker ilə toqquşub. Hadisənin təfərrüatları hələlik açıqlanmayıb. Səudiyyə Ərəbistanı rəsmiləri isə insidentlə bağlı hələ rəsmi açıqlama verməyiblər.
Qeyd edək ki, Hörmüz boğazı dünya üzrə enerji daşıyıcılarının dəniz yolu ilə nəqli üçün ən mühüm marşrutlardan biri hesab olunur.
Hörmüz boğazı Fars körfəzini Oman körfəzi və Ərəb dənizi ilə birləşdirən, dünyanın ən strateji dəniz nəqliyyatı marşrutlarından biridir. Qlobal dəniz yolu ilə daşınan neftin təxminən dörddə biri və mayeləşdirilmiş təbii qazın (LNG) əhəmiyyətli hissəsi bu boğazdan keçir. Bu səbəbdən Hörmüz boğazında baş verən hər hansı insident və ya nəqliyyatın məhdudlaşdırılması dünya enerji bazarlarında neft və qaz qiymətlərinə, eləcə də qlobal ticarətə ciddi təsir göstərə bilər.//Trend