Medianews.az iyulun 5-dən bəri adı dillərdən düşməyən amerikalı futbolçu Folarin Baloqanın karyerasına nəzər salıb.
Folarin Cerri Baloqan 2001-ci il iyulun 3-də ABŞ-ın Nyu-York şəhərində doğulub. Nigeriya əsillidir.

2 yaşından Böyük Britaniyanın paytaxtı Londonda yaşayan Baloqan futbol oynamağa yerli “Oldersbruk” komandasında başlayıb, 2008-ci ildən “Arsenal”ın akademiyasında yetişib. Hücumçudur.
2020-ci ildən “Arsenal”a məxsus olan futbolçu bir ara İngiltərənin “Midlsbro”, Fransanın “Reyms” komandalarına icarəyə verilib.
2023-cü ildən Baloqan Fransanın “Monako” komandasındadır.

İngiltərənin U-17, U-18, U-20, U-21, ABŞ-ın U-18 yığmalarının formasını geymiş futbolçu 2023-cü ildən ABŞ milli komandasının şərəfini qoyur.
23-cü dünya çempionatında Baloqan qrup mərhələsində Paraqvaya 2 qol, 1/16 finalda Bosniya və Herseqovinaya 1 qol vurub.
Bosniyalılarla oyunda Baloqan kobud qayda pozuntusuna görə qırmızı kart alaraq meydandan qovulub. Reqlamentə əsasən, o, 1/8 finalda oynamaq hüququndan məhrum idi. Ancaq 1/8 finaldakı rəqib Belçika ilə oyuna az qalmış FİFA-nın İntizam Komitəsi Baloqanın cəzasının şərti sayılmasına qərar verdi.

İyulun 5-də çıxarılan bu qərarın ABŞ prezidentinin FİFA rəhbərinə məxsusi zəngi sayəsində qəbul olunduğu açıqlandı. Futbol ictimaiyyətinin kəskin etirazlarına baxmayaraq Baloqan 1/8 final matçına çıxa bildi.
Ancaq futbol tanrısından başqa hökm gəldi. Bakı vaxtı ilə iyulun 7-nə keçən gecə keçirilən matçı belçikalılar uddu – 4:1.
Pislik FİFA-nın özünə qaldı. Necə deyərlər, it də getdi, ip də...
Toğrul Əli,
Medianews.az