Medianews.az
Rusiyanın Avropa liderinə hücumu - Dövlət başçıları üçün risklər çoxalıb -
346 baxış

Rusiyanın Avropa liderinə hücumu - Dövlət başçıları üçün risklər çoxalıb - EKSPERT

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin təyyarəsi ötən həftənin sonu Bolqarıstanda GPS dəstəyi olmadan eniş etmək məcburiyyətində qalıb.

Buna rusmənşəli müdaxilənin səbəb olduğu bildirilir. Komissiyanın sözçüsü GPS pozuntularının fakt olaraq təsdiqləndiyini açıqlayıb. Bolqarıstan tərəfi də pozuntuların Rusiyanın açıq müdaxiləsi nəticəsində baş verə biləcəyini qeyd edib.

GPS sistemində pozuntu ilə əlaqədar planlaşdırılandan bir saat çox havada qalan təyyarə kağız xəritələrdən istifadə edərək Plovdiv hava limanına təhlükəsiz şəkildə eniş edib. Avropa Komissiyası belə hadisələrin Rusiya tərəfindən həyata keçirilən hədə və qorxutmaların davamlı hissəsi olduğunu vurğulayıb.

Ursula Fon der Lyayen Şimali və Şərqi Avropa ölkələrinə səfəri çərçivəsində Bolqarıstanda Baş nazir Rossen Şelyaskov ilə Avropa təhlükəsizliyi və müdafiəsi məsələlərini müzakirə edib.

GPS siqnalının pozulması və ya saxtalaşdırılması texnologiyası peykəsaslı naviqasiya sisteminə çıxışa mane olur. Ənənəvi olaraq bu texnologiya hərbi və kəşfiyyat strukturları tərəfindən istifadə olunsa da, son zamanlar mülki həyatın pozulması vasitəsi kimi də tətbiq edilir.

Məsələ ilə bağlı Medianews.az-a açıqlamasında Azərbaycan İnternet Forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru Osman Gündüz deyib ki, GPS siqnalına qarşı GPS jammingdən istifadə edilir ki, bu da peyk siqnallarını pozmaq və ya deaktiv etmək texnologiyasıdır: “Əvvəllər hərbi məqsədlə istifadə olunurdusa, indi Rusiya tərəfindən mülki aviasiyaya qarşı da tətbiq olunur. GPS jamming nəticəsində təyyarələr, gəmilər və hətta adi vətəndaşların naviqasiya sistemləri belə “kor” vəziyyətə salına bilər.

Avropa rəsmiləri bunu Rusiyanın bilərəkdən müdaxiləsi kimi qiymətləndirirlər. Deməli, artıq adi texniki nasazlıqdan deyil, kiber müharibədən söhbət gedir.

Ursula fon der Lyayen Ukraynaya dəstək və Avopa İttifaqının müdafiə hazırlıqları ilə bağlı son zamanlar ön cəbhə ölkələrinə səfər edirdi. Yəni onun təyyarəsinə hücum sırf siyasi mesaj xarakterli hücumdur.

Güman ki, Avropa İttifaqı GPS təhlükəsizliyini gücləndirmək, alternativ naviqasiya sistemlərini inkişaf etdirmək və Rusiyaya qarşı sərt cavab vermək üçün addımları gücləndirəcək”.

Digər dövlət başçıları üçün risk varmı? Bu suala O.Gündüz belə cavab verib: “Bəli, birmənalı şəkildə var. GPS pozuntuları son illər Baltik dənizi və Şərqi Avropada artıb. Hər bir dövlət başçısının, eləcə də kommersiya reyslərinin belə hücuma məruz qalması mümkündür.

Dövlət başçılarının, dünya liderlərinin təhlükəsizliyi üçün risklər hədsiz çoxalıb. Müasir dövrdə bu risklərin miqyası daha da genişlənib – artıq yalnız raket və ya fiziki hücum deyil, peyk sistemlərinin, GPS siqnallarının pozulması kimi görünməz kiber hücumlar da yüksək vəzifəli şəxslərin həyatı üçün ciddi təhlükə yaradır”.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun