Medianews.az
Rusiyada təkbaşına səyahətə çıxan qadınların sayı artır –
163 baxış

Rusiyada təkbaşına səyahətə çıxan qadınların sayı artır – Ən sərfəli ölkələrdən biri Azərbaycandır

Rusiyalı qadınların təkbaşına səyahətə çıxmağa marağı artır. Söhbət həm xaricə səfərlərdən, həm də ölkədaxili turlardan gedir. Son bir ildə bu cür səyahətlərin sayı ötən illə müqayisədə 47% çoxalıb.

Medianews.az xəbər verir ki, statistikanı “Onlinetours” platforması təqdim edib. Bu platforma Rusiyada paket turların onlayn bronlaşdırılması ilə məşğul olur.

Rusiyalı qadınların tək səyahət üçün ən çox seçdiyi istiqamətlərin Türkiyə və Misir olduğu bildirilir. Son bir ildə təkbaşına səyahətə çıxan rusiyalı xanımların etdiyi bronların 33%-i Türkiyənin, 26%-i Misirin payına düşüb. İlk üçlüyü 13%-lə Rusiyanın özü tamamlayıb. Bu üç istiqamət (Türkiyə, Misir, Rusiya) cəmi bronların 72%-ni təşkil edib.

Orta hesabla Türkiyəyə bir turun qiyməti 154,4 min rubl, Misirə 140,2 min rubl olub. Rusiya daxilində səyahət edən qadınlar isə orta hesabla 51,5 min rubl xərcləyiblər.

Tək səyahətə çıxan rusiyalı qadınlar üçün ən bahalı istiqamət Avstraliyadır. Bu ölkəyə bir tur orta hesabla 1,05 milyon rubla başa gəlir.

Ən sərfəli istiqamətlər isə Belarus (48,9 min rubl), Ermənistan (60,9 min rubl) və Azərbaycandır (71,2 min rubl).

“Onlinetours” platformasının təhlilinə görə, tək səyahətə çıxan Rusiya qadınlarının MDB ölkələrinə marağı artır. Ermənistan, Azərbaycan və Qazaxıstan uzaq səfərlərə daha sərfəli alternativ kimi populyarlıq qazanır.

Toğrul Əli, 
Medianews.az

Bizə qoşulun