Yakutiyanın Nyurbinski rayonunun Nyurbaçan kəndində fərdi yaşayış evində baş verən yanğın nəticəsində beş nəfər həyatını itirib.
Ajans.az xəbər verir ki, bu barədə regional Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Rusiya İstintaq Komitəsinin açıqlamasına görə, yanğın söndürüldükdən sonra hadisə yerində 2011, 2014 və 2023-cü il təvəllüdlü üç azyaşlı uşağın, onların anasının, eləcə də 1971 və 1977-ci il təvəllüdlü iki qohumunun meyitləri aşkar edilib.
Nyurbinski rayonunun başçısı Aleksey İnnokentyev rayonda üç günlük matəm elan edildiyini bildirib. O, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.
Regional Səhiyyə Nazirliyinin məlumatına görə, yanğın zamanı xəsarət alan daha iki nəfər — 1999-cu il təvəllüdlü qadın və 2021-ci il təvəllüdlü azyaşlı qız — Nyurbinski Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onların vəziyyətini son dərəcə ağır qiymətləndirirlər.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, yanğın nəticəsində sahəsi 91 kvadratmetr olan yaşayış evi tamamilə yanıb. İlkin ehtimala görə, yanğına elektrik naqillərində qısaqapanma səbəb olub.
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 109-cu maddəsinin 3-cü hissəsi (səhlənkarlıq nəticəsində iki və ya daha çox şəxsin ölümünə səbəb olma) üzrə cinayət işi başlanılıb.