İran ərazisindəki hədəflərə mümkün zərbə endirmək üçün ölkə yaxınlığında yerləşdirilən ABŞ və İsrailin hazırkı hərbi potensialının qiymətləndirilməsi aparılıb.
Yaxın Şərqə göndərilən təyyarələrin böyük hissəsini ənənəvi olaraq onlarla ABŞ və İsrail təyyarəsinin uzaqmənzilli hava zərbələrini təmin etmək üçün nəzərdə tutulan yanacaqdolduran təyyarələr təşkil edir. Ümumilikdə, amerikalıların təxminən 20, israillilərin isə 13 belə təyyarəsi var.
İranın bilavasitə yaxınlığında ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 37 ədəd “F-15E Strike Eagle” zərbə təyyarəsi, həmçinin bölgəyə yetişən “USS Abraham Lincoln” aviadaşıyıcısının aviaqrupundan təxminən 10 ədəd göyərtə “F-35C Lightning II” və “F/A-18E/F Super Hornet” qırıcıları yerləşdirilib.
İsrailə gəldikdə isə o, 48 ədəd “F-35I Adir” qırıcısı ilə yanaşı, müxtəlif modifikasiyalı 173 ədəd “F-16” və 66 ədəd “F-15” qırıcısına malikdir.

Bundan əlavə, Böyük Britaniyadakı aviabazalarda daha 35 ədəd “F-15E” zərbə təyyarəsi və 54 ədəd “F-35A” qırıcısı yerləşir ki, onlar da 16 ədəd “KC-135” yanacaqdolduran təyyarəsinin müşayiəti ilə İrana qarşı hava hücumunu dəstəkləmək üçün operativ şəkildə Yaxın Şərqə köçürülə bilər.
Yaxın Şərqdə yerləşdirilən ABŞ Hərbi Hava Qüvvələrinin 24 ədəd “A-10C Thunderbolt II” hücum təyyarəsi ayrıca qeyd olunmalıdır. Bu təyyarələrin özlərinin zərbə endirəcəyi ehtimalı çox aşağıdır. Əgər onlar cəlb olunarsa, daha çox “APKWS II” raketləri ilə dron qırıcısı rolunda çıxış edəcəklər.
Gələcək əməliyyatın yeganə zəif amili, bölgəyə gələn “Abraham Linkoln” gəmisindəki ABŞ Hərbi Dəniz Qüvvələrinin “E-2D Hawkeye” göyərtə təyyarələri nəzərə alınsa belə, uzaq mənzilli radiolokasiya aşkaretmə təyyarələrinin sayının çox az olmasıdır. Lakin çox güman ki, bu statistikada hər şey nəzərə alınmayıb və ya bu sinifdən olan əlavə təyyarələr daha sonra göndəriləcək.
Beləliklə, hazırkı məqamda ABŞ və İsrail qruplaşmaları İranın heç bir halda müdafiə oluna bilməyəcəyi güclü, lakin nisbətən qısamüddətli hava-raket zərbələri endirmək üçün kifayət qədər təyyarəyə sahibdir.
Artıq müşahidə etdiyimiz kimi, İranın hava hücumundan müdafiə sistemləri və hərbi hava qüvvələri münaqişənin yalnız yekun mərhələsində ABŞ aviasiyasının birbaşa dəstəklədiyi təkcə İsrailin hava zərbələri kampaniyasına müqavimət göstərə bilmədi. Bu vəziyyətdə isə əməliyyatın başlanğıcına ABŞ Hərbi Hava və Dəniz Qüvvələrinin əlavə onlarla zərbə təyyarəsi, habelə strateji bombardmançıları və qanadlı raketlərinin qoşula biləcəyini, eləcə də İranın HHM sistemlərinin əvvəlki itkilərini nəzərə alsaq, farslar üçün proqnoz daha acınacaqlıdır.
Hər şey ABŞ prezidenti Donald Trampın İran ərazisinə zərbələr endirmək üçün nə qədər qüvvə və vəsait ayırmağa hazır olmasından və bu prosesdə nə qədər müddət iştirak etmək istəyindən asılıdır. Onun haqqında bildiklərimizə əsasən, bu əməliyyatın uzun sürəcəyi ehtimalı azdır, lakin təkrar edirik ki, Yaxın Şərqdə yerləşdirilən qruplaşmanın qüvvəsi kifayət qədərdir.
Elçin Alıoğlu,
politoloq