Yüksək inkişaf etmiş ölkələrdə çalışanların təqribən 40-50%-i yaradıcı sinfə aid edilir. Bu qrupa intellektual sahə işçiləri, yəni "ağ" və "qızıl" yaxalıqlar daxildir.
İnkişafda olan ölkələrdə kreativ sinif üçün ən böyük təhlükə "beyin axını" (ing. brain drain) hesab olunur.
"Yaradıcı sinif" termininin müəllifi Riçard Florida qeyd edir ki, kreativ insanlar kapitalın arxasınca getmir, kapital kreativ insanların toplandığı yerə gedir. Florida 3T qaydasına diqqət çəkir: bir yerin kreativ sinfi cəlb etməsi üçün Texnologiya, İstedad (ing. Talent) və Tolerantlıq olmalıdır. Əgər bir ölkədə "Tolerantlıq" (fikir azadlığı, sosial müxtəliflik) zəifləyirsə, "İstedad" köç etməyə meyillənir.
2020-ci illərin əvvəlindən beyin axını yeni forma almağa başlayıb. Artıq insanlar fiziki köçmədən də (distant işləyərək) başqa ölkənin iqtisadiyyatına xidmət edir.
MDB ölkələri üzrə aparılan təhlillər göstərir ki, İKT mütəxəssislərinin 40%-dən çoxu xarici bazarlara yönəlib. Beyin axınının bu növü rəqəmsal köçərilik (ing. Digital Nomadism) adlanır.
UNESCO və Dünya Bankının məlumatına görə, inkişaf etməkdə olan ölkələr hər il yüksək ixtisaslı kadrların axını səbəbindən milyardlarla dollar investisiya itirirlər (təhsil xərcləri batır, iqtisadi dividendlər itir).
Azərbaycanda startap ekosisteminin zəifliyi və maaş fərqi səbəbindən "superkreativ özək" (proqramçılar, mühəndislər) əsasən Avropa və ABŞ-a meyillidir.
Fuad Quliyev