Medianews.az
Oqtaydan sonra...
505 baxış

Oqtaydan sonra...

2025-in sonları. Məktəb yoldaşlarının görüşünə ləngiyib Oqtay. Qəfil işə çağırıblar bazar günü. Zəng vurub dirəşir başlayın, deyirəm elə şey yoxdur, sən gəlməmiş məclis açılmaz.

Özünü yetirəndə məni qınayır niyə camaatı gözlətdin...

***

Qədim sinif yoldaşımızdır Oqtay. 1973-cü ildən bir yerdəyik. Heç kimin dilindən düşmür yarım əsrdir: Oqtay, “Oku”, “Balşoy”.

Dəxli yoxdur necəsən - Oqtayı görən kimi əhvalın yaxşılaşır. Üzündə nur var, tanımayan bilməz üç qardaşın üçünü də itirib, balası əldən gedib, nə qədər qayğı çəkir. Səni azca tutqun görən kimi əl-ayağa düşər, ürək-dirək verər, deyər ölməmişəm.

Əsl qardaş necə olar: gah o qardaşın, gah o birinin ailəsinə əl atan, gah o bacıya, gah o birinə dayaq duran.

Oqtay əsl qardaşdan üstün qardaşdır.

Əsl dostdan da üstün dost. Balasından kəsər, dostdan yox. O yandan gələr pələng kimi - ürəyin dağa dönər.

Elxanın sözüdür: Allahdan başqa hər yerdən əlim üzüləndə Oqtayı aramışam, ağzımı açmamış deyib dur durduğun yerdə, gəlirəm...

***

İndi-indi sakitlik tapırdıq. Elimiz qəddini dikəldəndən qırışığımız açılmış, qızlı-oğlanlı toplaşmağa başlamışdıq.

Son məclis beşinci görüş idi. Həmin gün şərtləşdik gələn dəfə hamı ailəliklə gəlsin, daha gen yığılaq...

Bilmədik fələyin öz oyunu olacaq. Məclis yaraşığı Oqtayı qəfil aparacaq.

***

Adam yanır diri-diri. Oqtay yaman tələsirdi son məclisdən əvvəl. Hər danışanda deyirdi uşağı mütləq yeni ilə qədər yığ, yanvara saxlama, təkid eləyirdi dönə-dönə...

Oqtaysız məclisimiz olmamışdı, olmazdı, indi heç bilmirəm olarmı Oqtaydan sonra...

Hikmət Sabiroğlu

Bizə qoşulun