Moskvanın Şeremetyevo hava limanının biznes aviasiya terminalının keçmiş direktoru Aleksey Korşenko ölüb.
Medianews.az bildirir ki, Rusiya mətbuatı 57 yaşlı Korşenkonun meyitinin iyunun 6-sı Moskvanın Flotskaya küçəsindəki mənzilinin eyvanında asılmış vəziyyətdə tapıldığını, istintaqın intihar versiyası üzrə aparıldığını xəbər verir.
Məlumatlara görə, Aleksey Korşenko ölümündən təxminən üç həftə əvvəl gözlənilmədən işdən çıxarılıbmış.
Şeremetyevoda biznes aviasiya terminalı 2011-ci ildə fəaliyyətə başlayıb. Aleksey Korşenko bu terminalı quranlardan biri olub.
Rusya hakimiyyətinə müxalif bəzi mənbələr Korşenkonun öldürülməsi versiyasına eyham vurur. İddiaya görə, bu ölüm Yevgeni Priqojinin ölümü ilə bağlı ola bilər.
Rusyalı milyarder və “Vaqner” muzdlu hərbi qrupunun sahibi Yevgeni Priqojin 2023-cü ilin iyununda silahlı qiyam qaldırmış, nəticədə ayın 23-24-də “Vaqner” döyüşçüləri Rostovdakı Cənub Hərbi Dairəsinin qərargahını nəzarətə götürmüş, o vaxtkı müdafiə naziri Sergey Şoyqunun istefasını tələb edərək Moskvaya doğru irəliləmişdilər. Yol boyu muzdlular Rusiya hərbi təyyarə və helikopterini vurmuşdular. Qiyam Belarus prezidenti Aleksandr Lukaşenkonun vasitəçiliyi ilə dayandırılmış, iki ay sonra isə Priqojinin təyyarəsi qəzaya uğramışdı.
Rusiyanın bəzi mənbələri iddia edir ki, Priqojinin qəzaya uğrayan təyyarəsinə texniki xidmət Şeremetyevo hava limanının biznes aviasiya terminalında göstərilib. Bu səbəbdən Aleksey Korşenko Priqojinin təyyarəsinin son uçuşu haqda məlumatlı şəxslərdən biri kimi qiymətləndirilir.
Təyyarə 2023-cü il avqustun 23-də havaya qalxdıqdan sonra Tver vilayətində qəzaya uğrayıb. Təyyarədə olan bütün şəxslər, o cümlədən Yevgeni Priqojin və “Vaqner”in komandiri həlak olublar.