Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) çox zəruri bir xidmət modelinin tətbiqinə start verib: ölkəmizdə ilk dəfə olaraq motosikletlərin təcili tibbi yardım xidmətinə cəlb edilməsinə başlanıb.
TƏBİB-in bəyan etdiyi kimi, bu, ölkəmizdə təcili tibbi yardım xidmətinin operativliyini artıracaq, xüsusilə nəqliyyat sıxlığının müşahidə olunduğu ərazilərdə və pik saatlarda vətəndaşlara daha çevik ilkin tibbi yardım göstərilməsinə imkan verəcək. Hadisə yerinə daha qısa müddətdə çatmağı və həyati əhəmiyyət daşıyan ilk dəqiqələrdə tibbi müdaxilənin göstərilməsini hədəfləyən yeni xidmət ilkin mərhələdə pilot olaraq Bakı şəhərində tətbiq ediləcək.
Yeni təcili yardım motosikletlərini xüsusi hazırlıq keçmiş feldşerlər idarə edəcək.
Zəruri tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş bu briqada hadisə yerində ürək-ağciyər reanimasiyası (BLS və ALS), ürəyin qapalı masajı, defibrilyasiya, ağrının aradan qaldırılması, sınıqlar zamanı immobilizasiya və digər təxirəsalınmaz tibbi müdaxilələri həyata keçirmək imkanındadır.
Pilot mərhələnin nəticələri qiymətləndiriləndən sonra xidmət modelinin tətbiq coğrafiyasının genişləndirilməsi nəzərdən keçiriləcək.
TƏBİB yeni təcili yardım xidmətini “Ambucycle” xidməti adlandırır. Motosikletlərin üstünə və onları idarə edən feldşerlərin geyiminə də belə yazılıb: “Ambucycle”.
Nə deməkdir “ambucycle”? Ambulator və velosiped/motosiklet sözlərinin birləşməsindən yaranmış bu söz Azərbaycan dilində necə yazılmalı, necə tələffüz olunmalıdır?
Tutalım, ambulans da, velosiped, motosiklet də alınma sözlərdir, amma biz bu sözləri “ambulance”, “bicycle”, “motorcycle” kimi yazmırıq.
Yeri gəlmişkən, TƏBİB-in ixtiyarında olan təcili yardım maşınlarının üstündə də “Ambulance” yox, “TƏBİB”, “Təcili tibbi yardım” sözləri ilə yanaşı məhz “Ambulans” yazılıb.
Bu məntiqlə “ambucycle” bizdə necə yazılmalıdır?
Görəsən, “ambucycle” çağırmaq istəyən azərbaycanlı 103 nömrəsinə zəng edəndə bunu təcili tibbi yardım xidmətinin əməkdaşına necə izah edəcək? Deyəcəkmi ki, burada tıxac var, maşın yox, motosiklet göndərin? Onda olmazmı elə təcili yardım maşını dediyimiz kimi, təcili yardım motosikleti deyək?
Təcili tibbi yardım – bu xeyirxah sahənin ümumi adıdır. Onun maşını var idi, indi motosikleti də var. Çox gözəl! Sabah skuteri, dronu da ola bilər. Niyə olmasın? Olsun! Amma elə olsun ki, çağıranda çağıra bilək, kəkələməyək. Onsuz da təcili yardım çağırdığımız həyəcanlı anlarda dilimiz söz tutmur.
Dəyişək bu “ambucycle” sözünü.
Təcili tibbi yardım motosikletlərinin üstündə “TƏBİB”, “Təcili tibbi yardım” sözləri, onları idarə edən feldşerlərin geyimində isə “TƏBİB” sözü var. Elə bunlar bəs edir...
Toğrul Əli,
Medianews.az