Rusiya Dövlət Duması ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Rusiya vətəndaşlığının, həmçinin daimi və müvəqqəti yaşamaq icazələrinin verilməsini qadağan edən qanunu qəbul edib.
Yeni qaydalara əsasən, məhkumluq faktı cinayətin ağırlığından asılı olmayaraq müraciətin rədd edilməsi və ya əvvəllər verilmiş icazələrin ləğvi üçün əsas hesab olunacaq.
Bundan əlavə, 14 yaşdan yuxarı müraciətçilər vətəndaşı olduqları ölkənin səlahiyyətli orqanı tərəfindən son 3 ay ərzində verilmiş məhkumluğun olmaması barədə arayış təqdim etməlidirlər.
Qanunda bəzi istisnalar da nəzərdə tutulub. Məhdudiyyətlər 14 yaşadək uşaqlara, qaçqınlara, siyasi və ya müvəqqəti sığınacaq alan şəxslərə, eləcə də Ukrayna vətəndaşlarına tətbiq edilməyəcək. Ukrayna vətəndaşları üçün bu tələbin icrası ilə bağlı iki illik keçid müddəti müəyyən edilib./BAKU.WS