Rusiya Britaniya sularında həyati əhəmiyyətli enerji və rabitə xətlərini hədəfə alan gizli sualtı əməliyyat həyata keçirib.
Medianews.az xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Con Hili açıqlayıb.
Nazirin sözlərinə görə, Britaniyanın hərbi qüvvələri Şimal dənizində bir ay ərzində Rusiyaya məxsus hücum tipli atom sualtı qayığını və iki kəşfiyyat gəmisini izləyib. Sualtı qayığın və gəmilərin dənizin dibi ilə keçən kabel və boru xətlərinə yaxınlaşdığı bildirilir.

Con Hili qeyd edib ki, Britaniya hərbi donanması bunun qarşısını almaq üçün sualtı qayıq və gəmilərin yaxınlığında siqnallar buraxıb. Məqsəd bu fəaliyyətin izləndiyini göstərmək və mümkün təxribatın qarşısını almaq olub.
Nazir vurğulayıb ki, söhbət ölkələr arasında böyük həcmdə məlumat ötürən və kommunikasiya baxımından kritik əhəmiyyət daşıyan sualtı kabellərdən gedir.
Rəsmi London bu fəaliyyətə görə birbaşa Rusiya prezidenti Vladimir Putinə xəbərdarlıq edib. Con Hili deyib ki, bu cür infrastruktura qarşı istənilən müdaxilə “ciddi nəticələrə səbəb olacaq”.
Onun sözlərinə görə, müşahidə edilən əməliyyatda istifadə olunan sualtı qayıq diqqəti yayındırmaq məqsədi daşıyıb, digər iki gəmi isə Rusiyanın Müdafiə Nazirliyinə bağlı dərin dəniz tədqiqat proqramı çərçivəsində fəaliyyət göstərib.

Britaniya tərəfi bildirir ki, hazırda boru və kabel xətlərinə ziyan dəyməsi ilə bağlı fakt qeydə alınmayıb, lakin bu məsələ müttəfiqlərlə birlikdə yoxlanır.
Nazir həmçinin qeyd edib ki, insident Rusiya təhlükəsinin davam etdiyini göstərir. Con Hilinin fikrincə, beynəlxalq diqqətin Yaxın Şərqdəki hadisələrə yönəlməsinə baxmayaraq, Moskva hələ də Avropa üçün əsas risklərdən biri olaraq qalır.
Bundan bir gün əvvəl mediada Rusiya hərbi gəmisinin sanksiya altında olan iki neft tankerini La-Manş boğazında müşayiət etdiyi barədə məlumat yayılmışdı. Bu addım Böyük Britaniyanın Rusiyanın “kölgə donanması”na qarşı təzyiqlərinə cavab kimi qiymətləndirilir.
London hesab edir ki, tətbiq olunan tədbirlər Rusiyanın müharibəni maliyyələşdirməsini çətinləşdirir və xüsusilə Ukraynaya qarşı apardığı savaşın iqtisadi əsaslarını zəiflədir.