Yeni tədris ilindən etibarən Hədəf liseyləri üzrə 1-ci siniflər üçün rus bölməsinə qəbul olmayacaq.
Medianews.az xəbər verir ki, qərar Hədəf Liseyinin yarımillik iclasında açıqlanıb və təhsil ictimaiyyətində geniş müzakirə yaradıb.
“Ədəbiyyat və incəsənət” portalına Hədəfdən verilən məlumata görə, liiseyin qurucu direktoru, dosent Şəmil Sadiq bildirib ki, bu addımın iki əsas səbəbi var: rus bölməsinə tələbatın azalması və liseyin bilingval — Azərbaycan–ingilis dilli təhsil modelinə keçidi. Onun sözlərinə görə, rus dili bundan sonra ikinci xarici dil kimi təklif olunacaq və rus dilini öyrənmək istəyənlər üçün imkanlar saxlanılacaq.
“Biz təhsildə prioritetlərimizi yenidən müəyyənləşdiririk. Bununla bağlı keçən il ilkin olaraq fikrimizi bildirmişdik, yeni modelimiz Azərbaycan və ingilis dilləri üzərində qurulur,” -deyə Şəmil Sadiq vurğulayıb.
Mövcud şagirdlər narahat olmasın: hazırda rus bölməsində təhsil alan şagirdlər 2-ci sinifdən etibarən əvvəlki proqramla oxumağa davam edəcəklər. Qərar yalnız yeni qəbul olunacaq 1-ci siniflərə aiddir.
İclasda daha bir mühüm yenilik də açıqlanıb. Yeni tədris ilindən 2–9-cu siniflərdə təhsil alan ingilis və rus bölmələrinin şagirdləri Azərbaycan bölməsində istifadə olunan Azərbaycan dili dərsliyindən yararlanacaqlar. Bu isə o deməkdir ki, bütün bölmələrdə Azərbaycan dili siniflərə uyğun olaraq həftəlik 5–9 saat həcmində tədris ediləcək.
Medianews.az