Türkiyədə gənc futbolçunun ölümü ilə nəticələnən silahlı hücum idman ictimaiyyətində dərin kədər yaradıb.
Medianews.az xəbər verir ki, Regional Həvəskarlar Liqasında çıxış edən Kars 36 Spor klubunun 20 yaşlı futbolçusu Kubilay Kaan Kundakçı İstanbulda baş verən silahlı hücum nəticəsində həyatını itirib.
Məlumata görə, gənc futbolçu Qurban bayramı münasibətilə İstanbul şəhərinə gedib və hadisə məhz burada baş verib.
Faktla bağlı Kars 36 Spor klubunun rəsmi sosial media hesabında paylaşım edilib. Klub açıqlamasında bildirib ki, faciəli hadisə bütün komanda və azarkeşləri sarsıdıb.
“Faciəvi bir hadisə Kars 36 Spor ictimaiyyətini yasa boğdu. Futbolçumuz Kubilay Kaan Kundakçı dünən gecə İstanbulda baş verən silahlı hücum nəticəsində həyatını itirdi. Gənc futbolçumuzun ölümü ailəsinə və idman ictimaiyyətimizə böyük kədər gətirdi. Mərhumun ruhuna Allahdan rəhmət diləyirik; kədərli ailəsinə, qohumlarına və ictimaiyyətimizə başsağlığı veririk”, – deyə açıqlamada qeyd olunub.
Hadisə gənc futbolçunun yaxınları və komanda yoldaşları arasında böyük üzüntüyə səbəb olub, faciəli xəbər bölgədə dərin kədər hissi ilə qarşılanıb.
