Livanda jurnalistlərə qarşı növbəti təhlükəli insident baş verib.
Medianews.az xəbər verir ki, Russia Today (RT) kanalının çəkiliş qrupu ölkənin cənubunda, Əl-Qassimiyyə körpüsü yaxınlığında canlı yayım zamanı raket hücumuna məruz qalıb.
Hadisə zamanı müxbir Stiv Suini və operator Əli Rida üzərlərində “PRESS” yazısı açıq şəkildə görünməsinə baxmayaraq hədəf alınıblar. Hücum anı canlı yayımda saniyə-saniyə qeydə alınıb.
Məlumata görə, raket müxbirdən təxminən 10 metr məsafəyə düşüb. Suini hücumdan saniyələr əvvəl bölgədə pilotsuz uçuş aparatının müşahidə edildiyini bildirərək, bunun adətən zərbədən əvvəl hədəf müəyyənləşdirmə üçün istifadə olunduğunu deyib. O, cümləsini bitirməmiş partlayış baş verib.
Qəlpə yaraları alan jurnalistlər dərhal xəstəxanaya çatdırılıb. Operator Əli Rida hücumun təsadüfi olmadığını vurğulayaraq bildirib: “Biz mətbuat geyimində idik. Bu, qəsdən edilən hücumdur”.
Rusiya tərəfi insidentə sərt reaksiya verib. Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, jurnalistlərin hədəfə alınması qəbuledilməzdir və bu hadisə təsadüfi sayıla bilməz.
Onun sözlərinə görə, regionda jurnalistlərə qarşı hücumların artdığı bir şəraitdə bu cür hadisələr beynəlxalq ictimaiyyət tərəfindən ciddi araşdırılmalıdır.
Hadisə ilə bağlı qarşı tərəfin mövqeyi hələlik açıqlanmayıb.